TÜRK DÜNYASI
1 dəqiqə oxuma
Özbəkistan Səmərqəndin tarixi irsi ilə bağlı paylaşımlara görə İrana nota verib
İranın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Əli İsgəndəri Xarici İşlər Nazirliyinə çağırılıb
Özbəkistan Səmərqəndin tarixi irsi ilə bağlı paylaşımlara görə İrana nota verib
Özbəkistan Səmərqəndin tarixi irsi ilə bağlı paylaşımlara görə İrana nota verib

Özbəkistan İranın bəzi diplomatik nümayəndəliklərinin Səmərqənddəki tarixi tikililərin "İran-İslam sivilizasiyasının" bir hissəsi olması ilə bağlı paylaşımlarına etiraz edib. Bu səbəbdən İranın Özbəkistndakı səfiri Məhəmməd Əli İsgəndəri Xarici İşlər Nazirliyinə çağırılıb və Tehran rəhbərliyinə rəsmi etiraz notası təqdim edilib.

Özbəkistan Xarici İşlər Nazirliyindən verilən bəyanata əsasən, sözügedən paylaşımlar Səmərqəndin tarixi və mədəni irsinin "birtərəfli və siyasi məqsədlərlə yozulması" kimi qiymətləndirilib.

Bəyanatda diplomatik nümayəndəliklərin tarixi və mədəni məsələləri siyasiləşdirməməsinin vacibliyi vurğulanıb. Eyni zamanda, İran tərəfindən həmin paylaşımların silinməsi tələb olunub.

Qeyd edək ki, İranın Ermənistan və Zimbabvedəki səfirliklərinin sosial şəbəkə hesablarında keçən həftə Səmərqəndə səfər edən ABŞ-nin dövlət katibi Mark Rubio və onu müşayiət edən nümayəndə heyətinin yer aldığı bir video paylaşılıb. Həmin paylaşımlarda şəhərdəki tarixi tikililərin tağlarının "İran-İslam sivilizasiyasının fərqləndirici xüsusiyyəti" olduğu iddia edilib.

MƏNBƏ:TRT