Türkiyə Respublikası Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin təşkilatçılığı ilə Türk Dövlətləri Təşkilatının (TDT) 13-cü Zirvə Görüşü çərçivəsində keçirilən "Türk Dünyası Dialoq Forumu" adlı beynəlxalq tədbir sona çatıb.
Bu barədə İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib. Bəyanata görə, Türkiyənin ev sahibliyi etdiyi Türk Dövlətləri Təşkilatının 13-cü Zirvə Görüşü çərçivəsində qurum tərəfindən 30-31 oktyabr tarixlərində Ankarada "Türk Dünyası Dialoq Forumu" təşkil olundu.
"Fikirdən Dialoqa, İrəli" mövzusunda keçirilən forumun ilk günü Türkiyə Respublikası Prezidentinin müavini Cevdet Yılmazın və Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Bürhanəddin Duranın açılış nitqləri ilə başlayıb. Panel və dairəvi masa müzakirələrinə yer verilən forumda Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrlə yanaşı, dünyanın müxtəlif dövlətlərindən gələn məruzəçilər də iştirak etdilər.
Proqram çərçivəsində Türk dünyasında media və kommunikasiya, diplomatiyada qadın təmsilçiliyi və rolu, parlament diplomatiyası, habelə dəyişən qlobal nizamda Türk dünyasının strateji prioritetləri kimi mühüm məsələlər müzakirə olunub.
Tədbirdə Türk dövlətləri arasında enerji təhlükəsizliyi və əməkdaşlıq imkanları qiymətləndirilib. Eyni zamanda Türk dövlətlərinin strateji kommunikasiya və dezinformasiya ilə mübarizə potensialı, inkişaf baxışı və sivilizasiya perspektivindən Türk dünyasının gələcək vizyonu mövzuları nəzərdən keçirilib.
Bununla yanaşı, qlobal transformasiya dövründə Türk dünyasının geopolitik rolu, kommunikasiya prizmasından süni intellektin yaratdığı çağırışlar və Orta Dəhlizdən birgə istehsal ekosisteminə qədər uzanan iqtisadi əməkdaşlıq modeli müzakirə edilib.
Forum çərçivəsindəki panel və dairəvi masa iclaslarında 114 məruzəçi çıxış etdi
Forumda çoxqütblü dünya nizamında Türk dünyasının mövqeyi, Türk müdafiə sənayesinin gələcəyi, eləcə də birgə bilik və təfəkkür sisteminin formalaşdırılması məsələlərinə yer verilib.
Həmçinin Türk dünyasının gələcəyində ailə və cəmiyyətin rolu, İsmayıl Qaspıralının irsi kontekstində dil, mədəniyyət və yaddaş, diaspor vasitəsilə qlobal əlaqələr və ortaq kimliyin qurulması və ənənədən gələcəyə mədəniyyət və incəsənət mövzuları diqqət mərkəzində olub.
Müxtəlif mədəniyyət və incəsənət tədbirlərinin, sərgilərin yer aldığı proqramda Türk dünyasından yüksək səviyyəli bürokratlar, deputatlar, kommunikasiya və media nümayəndələri, alimlər, analitik mərkəzlərin nümayəndələri, eləcə də elm, mədəniyyət və incəsənət xadimləri bir araya gəliblər.






















