Türkiyə işğal altındakı İordan çayının qərb sahilində İsrailin artan qeyri-qanuni məskunlaşma fəaliyyətlərini qınayaraq, bunun davamlı sülh ümidlərinə zərər verdiyini bildirib.
Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub ki, İsrailin bu addımları beynəlxalq hüququ kobud şəkildə pozur və regionda davamlı sülh ümidlərinə ciddi zərər verir.
Rəsmi Ankara İsrailin ilhaq siyasətinin və məskunlaşma zorakılığının fələstinlilərin ən fundamental hüquqlarını, xüsusilə yaşamaq hüququnu birbaşa hədəf aldığını bildirib. Bəyanatda qeyd olunub ki, bu cür fəaliyyətlər regional sabitliyin yeganə çıxış yolu hesab edilən "iki dövlətli həll" modelini qeyri-mümkün hala gətirir.
Bəyanatda həmçinin beynəlxalq ictimaiyyətə çağırış edilərək bildirilib ki, qanunsuz məskunlaşma fəaliyyətlərinin dərhal dayandırılması həm hüquq baxımından, həm də regionun təhlükəsizliyi üçün zəruridir.
Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatı və beynəlxalq ictimaiyyətin böyük əksəriyyəti Şərqi Qüds daxil olmaqla İordan çayının qərb sahilini işğal olunmuş ərazi, buradakı İsrail yaşayış məntəqələrini isə qanunsuz hesab edir.













