Kolumbiya Prezidenti ABŞ-la kəşfiyyat məlumatlarının mübadiləsini dayandırmaq barədə göstəriş verib
Qustavo Petro bu barədə rəsmi “X” səhifəsində paylaşım edib
Kolumbiya lideri Qustavo Petro Karib dənizindəki hücumlarla bağlı ABŞ-la kəşfiyyat məlumatlarının mübadiləsini müvəqqəti dayandırmaq barədə göstəriş verib.
Prezident Qustavo Petro bu barədə rəsmi “X” səhifəsində paylaşım edib.
"Bu tədbir Karib dənizindəki qayıqlara raket hücumları davam etdiyi müddətcə qüvvədə qalacaq. Narkotiklərlə mübarizə Karib xalqlarının insan hüquqlarına tabe olmalıdır’’,-deyə Qustavo Pedro vurğulayıb.
Dövlət başçısı həmçinin Kolumbiya ilə ABŞ arasında narkotik qaçaqmalçılığına qarşı mübarizə sahəsindəki əməkdaşlığa istinad edib.
Qərar CNN-in yayımladığı hesabatdan sonra verilib. Həmin hesabatda Böyük Britaniyanın da öz kəşfiyyat məlumatlarının bu hücumlarda istifadə edilməsindən narahatlıq duyduğu və bu səbəbdən ABŞ-la kəşfiyyat məlumatlarının mübadiləsini dayandırdığı bildirilirdi.
Hesabata əsasən, Britaniya rəsmiləri sentyabr ayından bəri ən azı 76 nəfərin ölümünə səbəb olan hücumların beynəlxalq hüquq normalarını pozduğuna inanırlar.
BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türk isə bu hücumları “qəbuledilməz” adlandıraraq hadisələrlə bağlı müstəqil araşdırma aparılmasına çağırıb.