ABŞ Şərqi Sakit okeanda narkotik qaçaqmalçılığı ilə məşğul olduğu iddia edilən gəmiyə hücum edib.
Pentaqon rəhbəri Pit Heqset rəsmi “X” platformasında paylaşım edərək bildirib ki, bu gün Prezident Donald Trampın göstərişi ilə Müdafiə Nazirliyi (Pentaqon) Müəyyən Edilmiş Terror Təşkilatı (DTO) tərəfindən idarə olunan gəmiyə zərbə endirib.
Heqsetin sözlərinə görə, ABŞ kəşfiyyatı gəminin qanunsuz narkotik qaçaqmalçılığı ilə məşğul olduğunu, məlum qaçaqmalçılıq marşrutu üzrə fəaliyyət göstərdiyini və narkotik maddələr daşıdığını müəyyən edib.
Pentaqon rəhbəri qeyd edib ki, hücum zamanı ABŞ hərbi personalı arasında itki olmayıb, lakin gəmidəki iki “narko-terrorçu” zərərsizləşdirilib.
Heqset bəyanatında deyib: “Amerikaya narkotik daşıyaraq vətəndaşlarımızı zəhərləmək niyyətində olan hər hansı bir gəmini tapıb məhv edəcəyik. Vətənimizi qorumaq bizim əsas prioritetimizdir. Heç bir kartelin Amerika ordusuna qarşı şansı yoxdur’’.
Məlumata görə, noyabrın 4-də baş verən bu hücum ABŞ-ın bölgədə narkotik qaçaqmalçılığında şübhəli bilinən gəmiləri hədəf alan əməliyyatlarının sonuncusu olub.
Sentyabr ayından etibarən Vaşinqton Prezident Trampın göstərişi ilə Karib dənizi və Şərqi Sakit okeanda narkotik qaçaqmalçılığının qarşısını almaq məqsədilə bir sıra oxşar əməliyyatlar həyata keçirib.











