''Cənub Keçid Şurasının lideri Yəməndəki gərginlik səbəbindən qaçıb''
Bu barədə Səudiyyə Ərəbistanı rəhbərliyindəki koalisiya bəyanat yayıb
Yəməndə fəaliyyət göstərən Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya ölkənin cənubundakı separatçı Cənub Keçid Şurasının lideri Aydarus əl-Zubeydinin qayıqla Somalilandə getdiyini, oradan isə Somalinin paytaxtı Moqadişuya təyyarə ilə yollandığını açıqlayıb.
Koalisiyanın yanvarın 8-də yaydığı məlumata görə, Zubeydini Somalilanddan Moqadişoya aparan təyyarə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) zabitlərinin nəzarəti altında olub. Bununla belə, koalisiya Zubeydinin həmin vaxt təyyarədə olub-olmadığını dəqiqləşdirməyib.
Bu açıqlama Cənub Keçid Şurasının liderinin danışıqlar üçün Ər-Riyada gedə bilməməsi və onun harada olduğu ilə bağlı qeyri-müəyyən məlumatların yayılmasından bir gün sonra verilib. Hadisə Yəməndə ötən ay yaranmış hərbi gərginliyin aradan qaldırılması səylərinə mənfi təsir göstərib.
Qeyd edək ki, Yəmənin cənubunda dərinləşən böhran Səudiyyə Ərəbistanı ilə BƏƏ arasında ciddi fikir ayrılığı yaradıb və İranın dəstəklədiyi Husi üsyançılarına qarşı mübarizə aparan koalisiyanın daxilində parçalanmaya səbəb olub.
Cənub Keçid Şurası 2017-ci ildə BƏƏ-nin dəstəyi ilə yaradılıb.