İran Laricani sui-qəsdindən sonra İsrail və Körfəz ölkələrinə cavab zərbələri endirdi

İranın İnqilab Keşikçiləri Korpusu Əli Laricaninin öldürülməsinin qisasını almaq üçün "Xürrəmşəhr-4" və "Qədir" uzaqmənzilli hipersəsli ballistik raketləri atdığını açıqlayıb

By
İran Laricani sui-qəsdindən sonra İsrail və Körfəz ölkələrinə cavab zərbələri endirdi / Reuters

İran yüksək rütbəli liderlərindən birinin İsrailin hava hücumunda öldürülməsindən sonra bu gün (18 mart 2026) Körfəz qonşularına və İsrailə hücumlar təşkil edib. İran mövcud hava hücumundan müdafiə sistemlərini aşmaq üçün ən yeni raketlərindən bəzilərindən istifadə edib. Hücumlarda Tel-Əviv yaxınlığında iki nəfərin öldüyü bildirilib.

Yaxın Şərqdəki müharibə səngimə əlaməti göstərmədən davam edir.

İsrail isə "Hizbullah"ı hədəf aldığını bildirdiyi hücumlarla Livana intensiv təzyiq göstərməyə davam edib; Beyrutda bir çox yaşayış binasına hücum edib və ən azı altı nəfəri öldürüb.

İranda isə Buşehr nüvə stansiyası kompleksi raketlə vurulub, lakin Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) Tehrandan gələn məlumatdan sonra hər hansı xəsarət alanın olmadığını və stansiyanın zədələnmədiyini bildirib. BAEA sədri Rafael Qrossi "nüvə qəzası riskinin qarşısını almaq üçün münaqişə zamanı maksimum təmkin nümayiş etdirilməsi" çağırışını təkrarlayıb.

Beynəlxalq standart olan "Brent" markalı xam neftin qiyməti müharibənin başlanmasından bəri 40 faizdən çox artaraq bu gün səhər saatlarında barel başına 100 dolların üzərində qərarlaşıb.

ABŞ və İsrailin 28 fevralda İrana hücum edərək müharibəni başlatmasından bəri İran neft qiymətlərini yüksəltmək və Vaşinqtona geri addım atması üçün təzyiq göstərmək strategiyasının bir hissəsi olaraq Körfəzdəki ərəb qonşularının enerji infrastrukturunu və hərbi bazalarını hədəf alır.

İranın Körfəz ölkələrinə hücumları

Bu gün erkən saatlarda Səudiyyə Ərəbistanının bir çox neft yatağının yerləşdiyi geniş Şərq Bölgəsi ilə yanaşı Küveyt, Bəhreyn, Qətər və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) də daxil olmaqla bir çox Körfəz ölkəsində yeni hücumların olduğu bildirilib.

Avstraliyanın Baş naziri Entoni Albaniz BƏƏ-də Dubay yaxınlığındakı Avstraliya bazasında bir raketin kiçik yanğına səbəb olduğunu, lakin xəsarət alan olmadığını deyib.

Albanizin açıqlaması Qərb ölkələri tərəfindən Yaxın Şərqin böyük hissəsi üçün tranzit mərkəzi kimi istifadə edilən "Əl-Minhad" Hava Bazası yaxınlığında eşidilən partlayışlarla üst-üstə düşür.

Səudiyyə Ərəbistanı Amerika qüvvələrinə və təyyarələrinə ev sahibliyi edən "Şahzadə Sultan" Hava Bazası bölgəsini hədəf alan bir ballistik raketi zərərsizləşdirib.

İran da dünya neftinin beşdə birinin keçdiyi Hörmüz boğazı üzərindəki hakimiyyətindən geri addım atmaq niyyətində olmadığını göstərir ki, bu da qlobal enerji böhranı narahatlıqlarını artırır. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) ABŞ ordusunun martın 17-də boğaz yaxınlığında İranın raket bazalarına bir neçə ədəd 2 300 kiloqramlıq dərin nüfuzedici bomba atdığını bildirib.

İran İsrailə çoxbaşlıqlı raketlər atdı

İran İnqilab Keşikçiləri Korpusu İsrailin İran Ali Milli Təhlükəsizlik Şurasının katibi və ölkənin ən güclü simalarından biri olan Əli Laricanini öldürməsinə cavab olaraq bu gün gün İsrailin mərkəzini çoxlüləli raketlərlə hədəf aldığını açıqlayıb. Bu raketlərin raketdən müdafiə sistemlərindən yayınma ehtimalı daha yüksəkdir və radar izləmə sistemlərini sıradan çıxara bilir.

İsrail ən azı iki dalğa raket atəşinin ölkəni vurduğunu bildirərkən, səhiyyə xidmətləri Tel-Əvivin şərqindəki Ramat Qanda iki nəfərin öldüyünü açıqlayıb.

SEPAH Laricaninin qisasını almaq üçün uzaqmənzilli "Xürrəmşəhr-4" və "Qədir" raketlərini atdığını bildirib. "Associated Press" tərəfindən çəkilən görüntülərdə ən azı bir raketin İsrail üzərində kasset bombası buraxdığı görülüb.

Parlament sədri vəzifəsində də çalışmış Laricani mərhum ali rəhbər Əli Xameneinin Tramp administrasiyası ilə nüvə danışıqlarında strategiya üzrə böyük siyasət məsləhətçisi kimi fəaliyyət göstərib.

O, İranda ölkə miqyaslı etirazların zorakılıqla yatırılması prosesində oynadığı "koordinasiya" roluna görə yanvar ayında ABŞ Xəzinə Nazirliyi tərəfindən sanksiyaya məruz qalmışdı.

SEPAH-ın "Bəsic" milislərinin rəhbəri general Qulam Rıza Süleymani də martın 17-də İsrailin hücumunda öldürülüb. Süleymani "Bəsic" vasitəsilə müxalifəti yatırmaqdakı roluna görə ABŞ, Avropa İttifaqı və digər ölkələr tərəfindən sanksiya siyahısına salınmışdı.

İki İraqlı təhlükəsizlik rəsmisi bu gün səhər saatlarında Bağdaddakı ABŞ Səfirliyinin də ardıcıl ikinci gün atəşə tutulduğunu bildirib. Əlavə məlumat verilməyib. Martın 17-də Bağdad səfirlik şəhərciyinin içərisinə pilotsuz uçuş aparatı düşmüşdü.

Livanda İsrail hücumları yenidən başlayıb

İsrail təxliyə əmri verdikdən təxminən bir saat sonra Beyrutun mərkəzindəki bir yaşayış binasını yerlə-yeksan edib. Bina dördüncü dəfə hədəf alınıb, lakin ötən həftə edilən üç hücum binanı yıxa bilməmişdi.

İsrail ordusu binanın "Hizbullah" tərəfindən "fəaliyyətlərini maliyyələşdirmək məqsədilə milyonlarla dollar" saxlamaq üçün istifadə edildiyini iddia etsə də, heç bir sübut təqdim etməyib.

Hadisə zamanı can itkisi olub-olmadığı bilinmir, lakin Livan Səhiyyə Nazirliyinin məlumatına görə, Beyrutun mərkəzindəki binalara təşkil edilən digər hücumlarda ən azı altı nəfər ölüb, 24 nəfər yaralanıb.

İsrail ordusu həmçinin "İsrail ərazisinə atəş açılmasına cavab olaraq" Cənubi Livanda "Hizbullah"ı hədəf alan bir sıra hücumlara başladığını bildirib.

Livan hökumətinin məlumatına görə, İsrailin hücumları 1 milyondan çox livanlını (əhalinin təxminən 20 faizini) didərgin salıb və 900-dən çox insanın ölümünə səbəb olub.

İsraildə isə İranın raket hücumları nəticəsində 14 nəfər ölüb. Ən azı 13 ABŞ hərbi qulluqçusu da həlak olub.

İran Qızıl Aypara Cəmiyyətinin məlumatına görə, münaqişənin 28 fevralda başlamasından bəri İranda 1 300-dən çox insan həyatını itirib.