"Hizbullah" İsrailin Livandakı hərbi obyektlərinə ağır zərbələr endirib
"Hizbullah" İsrailin Livan daxilində davam edən əməliyyatlarına cavab olaraq, bu ölkənin şimalındakı hərbi mövqelərinə raket zərbələri endirdiyini bəyan edib
"Hizbullah" İsrailin Livan daxilində davam edən əməliyyatlarına cavab olaraq, bu ölkənin şimalındakı hərbi mövqelərinə raket zərbələri endirdiyini bəyan edib. Qruplaşmanın yaydığı bəyanatda silahlı birləşmələrin Qalileya bölgəsindəki hədəfləri raket atəşinə tutduğu və bunun İsrailin Livan ərazisinə təşkil etdiyi hücumlara qarşı cavab tədbiri olduğu bildirilib. Livan Səhiyyə Nazirliyi və yerli media orqanlarının məlumatına görə, martın 5-də İsrailin Livanın şimal və cənub bölgələrinə endirdiyi hava zərbələri nəticəsində ən azı 12 nəfər həyatını itirib.
Qruplaşma qeyd edir ki, son əməliyyatlar həm də İranın ali dini lideri Əli Xameneinin öldürülməsinə cavab xarakteri daşıyır. İsrail ordusunun həyata keçirdiyi son hava hücumları nəticəsində azı 72 nəfərin öldüyü, 450-yə yaxın insanın isə yaralandığı bildirilir. Məlumatda vurğulanır ki, İsrail 2024-cü ilin noyabrında "Hizbullah"la əldə olunmuş atəşkəs razılaşmasını mütəmadi olaraq pozub və bu gərginlik yüzlərlə itkiyə səbəb olub.
ABŞ və İsrail şənbə günündən etibarən İrana qarşı genişmiqyaslı hərbi əməliyyatlarını davam etdirir. Bu hücumlar nəticəsində Əli Xamenei və yüksək rütbəli hərbi rəsmilər də daxil olmaqla, təxminən 900 nəfər həlak olub.
Qeyd edək ki, İsrailin Livana qarşı 2023-cü ilin oktyabrında başlayan hücumları 2024-cü ilin sentyabrından etibarən tammiqyaslı münaqişəyə çevrilib. Hazırkı statistikaya əsasən, münaqişə dövründə 4 mindən çox insan ölüb, 17 minə yaxın şəxs isə yaralanıb.