Avstraliyanın cənub-şərqində yerləşən Viktoriya ştatı ölkənin ilk müasir yerli əhali müqaviləsini Avstraliya aborigenləri ilə imzalayıb.
Bu barədə Australian Broadcasting Corporation (ABC) məlumat yayıb.
Məlumata görə, aborigen qruplara öz idarəetmələri üzərində daha geniş səlahiyyətlər verən müqavilə Viktoriya ştatının Baş naziri Jacinta Allan, Müqavilə naziri Natali Hatçins və seçilmiş İlk Xalqlar Assambleyasının (First Peoples Assembly) həmsədrləri tərəfindən imzalanıb.
Müqavilə yerli xalqların öz işlərini idarə etmək, aborigen adət və qanunlarına əsaslanmaq və beynəlxalq hüquqa uyğun müqavilələr bağlamaq hüququnu qəbul edir.
Keçən ay Viktoriya parlamenti tərəfindən qəbul edilən əsas qanun layihəsi də noyabrın 12-də ştat qubernatoru Marqaret Qardner tərəfindən imzalanıb. Qardner müqaviləni “tarixi hadisə” adlandırıb.
Baş nazir Jacinta Allan bu müqaviləni dünyanın ən qədim davamlı mədəniyyətlərini ölkənin müasir dövlət institutları ilə bir araya gətirən yeni bir mərhələ kimi qiymətləndirib.
34 səhifəlik müqavilə aylarla davam edən danışıqlardan sonra ştat hökuməti ilə Viktoriya aborigenlərini təmsil edən First Peoples Assembly arasında əldə edilən razılaşmaları əhatə edir.
Sənəddə qeyd olunur: “Bu torpaq heç vaxt boş və ya sahibsiz olmayıb. Müstəmləkəçiliyin ilk iki onilliyi ərzində Viktoriya ştatında First Peoples əhalisi təxminən 90 faiz azalıb’’.




















