DÜNYA
2 dəqiqə oxuma
Rusiyaya məxsus təyyarələrin Yaponiya hava məkanını pozması səbəbilə qırıcılar havalandı
Yaponiya dövləti hava məkanını pozduğu bildirilən Rusiya təyyarələrinə görə Moskvaya sərt reaksiya verib
Rusiyaya məxsus təyyarələrin Yaponiya hava məkanını pozması səbəbilə qırıcılar havalandı
Yaponiya hava məkanını pozan Rusiya təyyarələrinə qarşı qırıcılarını havaya qaldırıb / AP Archive

Yaponiya Rusiyaya məxsus olduğu ehtimal edilən iki təyyarənin hava məkanını pozması səbəbindən qırıcı təyyarələrini havaya qaldırıb. İki ölkə arasında gərginliyin artdığı bir dövrdə baş verən bu hadisədən sonra Tokio hakimiyyəti rəsmi Moskvaya sərt diplomatik etirazını bildirib.

Yaponiya Nazirlər Kabinetinin Baş katibi Minoru Kihara təyyarələrin noyabrın 17-də yerli vaxtla saat 04:00 radələrində ölkənin cənub-qərbindəki Fukuoka prefekturası sahillərində yerləşən Okinoşima adası yaxınlığında Yaponiya hava məkanına daxil olduğunu açıqlayıb.

Yaponiya qırıcılarının xəbərdarlıq etdiyi iki Rusiya təyyarəsinin ölkənin hava məkanını təxminən üç dəqiqə ərzində pozduğu qeyd olunub.

Minoru Kihara məsələ ilə bağlı bunları deyib: "Rusiya təyyarələrinin milli hava məkanımızı pozması təkcə ölkəmizin suverenliyinə qarşı ciddi pozuntu deyil, həm də təhlükəsizliyimizə yönəlmiş təhdiddir və qətiyyən qəbuledilməzdir".

Yaponiyalı rəsmi həmçinin bildirib: "Diplomatik kanallar vasitəsilə Rusiyaya çox sərt etirazımızı bildirdik və oxşar halların təkrarlanmaması üçün tədbir görülməsini qəti şəkildə tələb etdik".

M.Kihara təyyarələrin Tsuşima boğazından keçdikdən sonra Yaponiyanın Yonaquni adası ilə Tayvan arasından irəliləyərək Sakit okeana doğru istiqamət aldığını söyləyib.

 

Diplomatik gərginlik

Hadisə Yaponiyanın Baş naziri Sanae Takaiçi ilə Rusiya prezidenti Vladimir Putinin bu həftə Çinin Şençjen şəhərində keçiriləcək Asiya-Sakit Okean sammitində iştirakının gözlənildiyi bir vaxtda baş verib.

Yaponiya mətbuatında yer alan xəbərlərə görə, rəsmi Tokio Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində iki lider arasında görüşün keçirilməsini xahiş edib. Kreml isə noyabrın 16-da yaydığı açıqlamada görüş ehtimalını istisna etmədiyini bildirib.

Qeyd edək ki, iki ölkə arasındakı münasibətlər son həftələrdə bir yaponiyalı jurnalistin casusluq ittihamı ilə həbs edilməsi və Rusiyanın "Japan Tobacco" şirkətinə məxsus aktivləri müsadirə etməsindən sonra daha da pisləşib.

MƏNBƏ:TRT