İran ABŞ rəsmilərinə qarşı kimyəvi silahla hücum planlaşdırdığı barədə yayılan xəbərləri təkzib edib. İranın xarici işlər naziri Abbas Əraqçi bu iddiaları, eləcə də ölkədəki bəndlərin altında raket bazalarının qurulması ilə bağlı xəbərləri "əsassız iddia" adlandıraraq rədd edib. Rəsmi ‘‘X’’ internet səhifəsində paylaşım edən nazzir İsrailyönümlü media orqanlarının bu cür dezinformasiyalar yaydığını qeyd edib.
Abbas Əraqçi deyib: ‘‘Bu cür təbliğatlara artıq heç kim inanmır’’.
Qalmaqala səbəb olan məlumatı ilk olaraq CNN kanalı adı açıqlanmayan yeddi ABŞ rəsmisinə istinadən yayıb. Kəşfiyyat məlumatlarına əsaslanan xəbərdə İranın Tramp administrasiyasının yüksək vəzifəli rəsmilərini hədəf almaq üçün Vaşinqtonda "çirkli bomba" — yəni kimyəvi və ya radioaktiv materiallarla təchiz olunmuş adi partlayıcı qurğu partlatmaq variantlarını nəzərdən keçirdiyi bildirilib.
"The New York Times" qəzeti isə analitiklərə istinadən İranda bəzi bəndlərin, boru kəmərlərinin və tunellərin hərbi imkanları dəstəkləmək məqsədilə tikilə biləcəyini yazıb.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi isə hər iki xəbəri uydurma adlandırıb. O, Vaşinqtonun yeni hücumu qanuniləşdirməyə çalışdığını vurğulayıb.
ABŞ Prezidenti Donald Tramp isə potensial təhlükələri çox ciddi qəbul etdiklərini bəyan edib. Məsələyə sərt reaksiya verən Donald Tramp belə bir təhlükənin olmadığını ümid etdiyini deyib.




















