İndoneziyada daşqınlar nəticəsində həlak olanların sayı 442 nəfərə çatıb
Bu barədə İndoneziya Milli Fəlakətlərin İdarə Edilməsi Agentliyi məlumat verib
İndoneziya Meteorologiya, İqlim və Geofizika Agentliyi (BMKG) Sumatranın böyük bir hissəsində yağışların davam edəcəyini və daşqınlar ilə torpaq sürüşmələri səbəbindən ölüm sayının arta biləcəyini proqnozlaşdırıb.
Kompas TV-nin məlumatına görə, bu proqnoz agentliyin 1 dekabrda bir neçə bölgədə yağışların gücləndiyini və bir sıra şəhərlərin anormal hava şəraiti riski altında olduğunu bildirməsindən sonra açıqlanıb.
Ölkənin Milli Fəlakətlərin İdarə Edilməsi Agentliyi bazar günü bildirib ki, Sumatrada davam edən daşqınlar və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 442-yə yüksəlib, 402 nəfər isə hələ də itkindir.
Agentlik qeyd edib ki, axtarış-xilasetmə qrupları təbii fəlakətin yaşandığı ərazilərdə itkin düşənlərin tapılması istiqamətində əməliyyatları davam etdirir. Məlumata görə, daşqınlar və torpaq sürüşmələri nəticəsində 646 nəfər xəsarət alıb, 1,1 milyon insan zərər çəkib, yüzlərlə evə ziyan dəyib və 290 mindən çox insan daşqınlar səbəbindən evsiz qalıb.
Axtarış-xilasetmə qrupları itkin düşənlərə həm qurudan, həm də havadan çatmağa çalışırlar.