İsrail qəzetlərindən birinin məlumatına görə, Sülh Komitəsi Qəzzadakı humanitar sığınacaq mərkəzlərini idarə etmək üçün pilot layihəyə start verib.
"Israel Hayom" qəzeti Rəfah şəhəri yaxınlığındakı Tel əs-Sultan bölgəsinin "xüsusilə HƏMAS ilə heç bir əlaqəsi olmayan" mülki şəxslərin istiqamətləndiriləcəyi ilk yer olacağını bildirib.
Qəzet anonim mənbələrə istinadən qeyd edib ki, Sülh Komitəsinin rəhbərliyi altında Beynəlxalq Sabitlik Qüvvələri kimi tanınan çoxmillətli qüvvə bölgədə yerləşdiriləcək.
Həmçinin qəzet əlavə edib ki, həmin qüvvələr Qəzza yaxınlığında İsrailə məxsus Amitai düşərgəsində yerləşdiriləcək.
Xəbərdə qüvvələrin humanitar yardım zonalarında asayişi təmin etmək üçün ölümcül olmayan silahlarla təchiz ediləcəyinin gözlənildiyi, İsrail ordusunun isə "Sarı xətt" adlandırılan sərhədin o tayındakı bölgələr üzərində nəzarətini genişləndirməyə və möhkəmləndirməyə davam edəcəyi vurğulanıb.
İnfrastruktur qaydaları
Qəzetin yazdığına görə, Sülh Komitəsinin rəsmiləri bu bölgələrdəki yenidənqurma işlərində betondan istifadə edilməyəcəyinə dair öhdəlik götürüblər.
Betonun əvəzinə bölgə sakinləri üçün tibbi və digər mühüm xidmətləri özündə birləşdirən mobil yaşayış sahələri və ya karvanlar quraşdırılacaq.
Xəbərdə bu planın İsrail ordusuna Qəzza torpaqları üzərindəki nəzarətini genişləndirməyə davam etmək imkanı verəcəyi qeyd olunub.
Ağ Ev 16 yanvarda Qəzza üçün Sülh Komitəsi, Qəzza İcraiyyə Şurası, Qəzza İdarəçiliyi Milli Komitəsi, teknokrat hökumət və Beynəlxalq Sabitlik Qüvvələrinin yaradılmasını da nəzərdə tutan müvəqqəti idarəetmə strukturlarının qəbul edildiyini açıqlamışdı.
Həmin təşəbbüs 17 noyabr 2025-ci ildə qəbul edilmiş 2803 saylı BMT Təhlükəsizlik Şurasının Qətnaməsi ilə dəstəklənən, Trampın Qəzzadakı müharibəni bitirməyə yönəlmiş 20 bəndlik planının ikinci mərhələsinin bir hissəsini təşkil edir.


















