ABŞ Prezidenti Donald Tramp Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitində iştirak etmək, həmçinin Çin Prezidenti Si Cinpin və Rusiya Prezidenti Vladimir Putinlə ilk üçtərəfli görüşünü keçirmək üçün noyabrın 18-də Çinə səfər edib.
Cümə axşamı Şençjen şəhərində keçiriləcək üçtərəfli görüşdə nüvə tərksilahı, Ukrayna və İran müharibələri, İsrailin Qəzzaya hücumları fonunda qlobal sülh və ticarət məsələlərinin müzakirə olunacağı gözlənilir. Məlumata əsasən, Donald Tramp ilk olaraq Si Cinpinlə ikitərəfli görüş keçirəcək, daha sonra isə üç lider bir araya gələcək. Nüvə tərksilahı mövzusuna toxunan Donald Tramp ölkələrin nüvə silahlarından imtina etməsinin çətin olduğunu desə də, liderlərin "çox şeyə nail ola biləcəyinə" inandığını qeyd edib.
Rusiya Prezidentinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, Vladimir Putin və Donald Trampın rəsmi ziyafətdə və sammit çərçivəsində bir neçə dəfə görüşəcəyi gözlənilir. TASS agentliyinə müsahibə verə Yuri Uşakov formatdan asılı olmayaraq, iki liderin vəziyyəti hərtərəfli qiymətləndirəcəyini bildirib.
Xatırladaq ki, onlar sonuncu dəfə 2025-ci il avqustun 15-də Alyaskada üz-üzə görüşüblər.
Qeyd edək ki, Kanadanın Baş naziri Mark Karni də çərşənbə günü Donald Trampla görüşəcəyini açıqlayıb. ABŞ Prezidenti bölgəyə səfəri çərçivəsində Şimali Koreya lideri Kim Çen Inla da görüşə biləcəyini istisna etməsə də, rəsmi Pxenyan hələlik bu məlumatı təsdiqləməyib.






















