ABŞ-də güclü fırtına həyatı iflic edib. Təbii fəlakət nəticəsində Pensilvaniya, Merilend və Virciniya başda olmaqla bir sıra ştatlarda ümumilikdə 835 min 278 ev işıqsız qalıb.
"FlightAware" portalının məlumatına görə, əlverişsiz hava şəraiti səbəbindən ölkə üzrə 400-dən çox aviareys ləğv edilib, 2 mindən artıq uçuş isə gecikib. ABŞ Federal Aviasiya Administrasiyası (FAA) Virciniya və Nyu-Yorkdak daxil olmaqla bir neçə hava limanında uçuşları müvəqqəti dayandırıb.
Güclü fırtına və onun yaratdığı daşqınlarla əlaqədar Nyu-Cersi ştatında və Nyu-Yorkun bəzi bölgələrində fövqəladə vəziyyət elan olunub.
Son bir həftədir Kaliforniya sahillərində Ay və Günəşin cazibə təsiri ilə dəniz suyunun səviyyəsi kəskin qalxıb. Mütəxəssislərin sözlərinə görə, okean sularını isidərək həcmini artıran "super El-Ninyo" təbiət hadisəsi bu su artımını daha da gücləndirib.
Nəticədə Şimali Kaliforniyanın Körfəz bölgəsində, eləcə də Pasifika, Mill-Velli, Larkspur, Sausalito və Korte-Madera şəhərlərində küçələri və bəzi evləri su basıb. Bölgədə dalğaların hündürlüyü 2 metri keçdiyi üçün San-Dieqo və Los-Anceles arasında qatarların hərəkəti dayandırılıb.














