Rəsmi Pekin ABŞ və Yaponiyaya müraciət edərək, Yaponiyanın qərbindəki ABŞ hərbi bazasına ortaq təlimlər üçün müvəqqəti olaraq gətirilən “Typhon” raket sisteminin bölgədən çıxarılmasını tələb edib.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Cian Pekində keçirdiyi mətbuat konfransında açıqlama verərək deyib: “ABŞ və Yaponiya digər ölkələrin təhlükəsizlik narahatlıqlarına səmimi şəkildə hörmət etməli, regional sülh və sabitlik naminə konkret addımlarla müsbət rol oynamalıdır, bunun əksi qəbul edilməzdir.”
Çinin bu mövqeyi, ABŞ-ın “Tomahawk” qanadlı raketlərini buraxa bilən orta mənzilli raket sistemini “Yamaguti” prefekturasında yerləşən İvakuni şəhərindəki ABŞ Dəniz Piyada Qüvvələrinin bazasına yerləşdirməsindən sonra açıqlanıb.
“Yaponiyanın militarist təcavüzkeşlik tarixi səbəbindən hərbi və təhlükəsizlik addımları Asiyadakı qonşu ölkələr və beynəlxalq ictimaiyyət tərəfindən daim diqqətlə izlənilir”, - nazirliyin sözcüsü Lin əlavə edib.
Qeyd edək ki, bu sistem 11 sentyabrda başlayan və iki həftə davam edəcək ABŞ-Yaponiya illik ikitərəfli “Resolute Dragon” hərbi təlimində ilk dəfə istifadə olunacaq.
İkinci Dünya müharibəsindən bəri Asiya-Sakit okean regionunda ABŞ-ın uzunmüddətli müttəfiqi olan Yaponiya son illərdə Çinin artan hərbi mövcudluğu və regional təsirinə cavab olaraq müdafiə qabiliyyətlərini xeyli gücləndirib.
Bildirilir ki, Yaponiya dövləti təkcə hərbi bazalar və silahlarla deyil, həm də minlərlə amerikalı əsgərlə də ev sahibliyi edir.





