Çevik Dəstək Qüvvələrinin Sudanın Cənubi Kordofan əyalətinin paytaxtı Kaduqlidə həyata keçirdiyi hücumlar nəticəsində bölgədə təhlükəsizlik vəziyyəti kəskin pisləşib. Yüzlərlə insanın yurd-yuvasını tərk etmək məcburiyyətində qaldığı bildirilib.
Beynəlxalq Miqrasiya Təşkilatının dekabrın 7-də yaydığı bəyanatda bildirilib ki, Cənubi Kordofan əyalətinin Kaduqli şəhərindəki təhlükəsizlik şəraitinin pisləşməsi səbəbindən 350–450 nəfər didərgin düşüb.
Bəyanatda həmçinin qeyd olunur ki, köçkünlər Qərbi Kordofanın Əbu Zabad və Şimali Kordofanın Şeykan bölgələrində müxtəlif ərazilərə sığınıblar.
Müharibənin ilk aylarından etibarən həm Çevik Dəstək Qüvvələri, həm də Əbdüləziz əl-Hilunun rəhbərlik etdiyi Sudan Azadlıq Hərəkatı tərəfindən mühasirəyə alınan Kaduqli şəhəri davamlı hücumlara məruz qalıb.
Şəhərin ümumi əhalisi ilə bağlı rəsmi statistika olmasa da, Kaduqli sakinləri uzun müddətdir ki, təhlükəsizlik səbəbindən mərhələli şəkildə ətraf bölgələrə köçməyə məcbur olublar.
BMT-nin hesablamalarına görə, son bir ay ərzində artan zorakılıq nəticəsində Şimali və Cənubi Kordofan əyalətlərindən 41 minə yaxın insan qaçıb.
UNICEF-in Sudandakı nümayəndəsi Şeldon Yet Cənubi Kordofanın Kaduqli bölgəsində aclıq vəziyyətinin yarandığını açıqlayıb.
Kordofanın üç əyaləti həftələrlə davam edən şiddətli döyüşlərə görə ordu ilə Çevik Dəstək Qüvvələri arasında əsas qarşıdurma məkanına çevrilib və on minlərlə insan bölgəni tərk etməyə məcbur olub.
Hazırda Çevik Dəstək Qrupları qərbi Sudanın Darfur bölgəsinin beş əyalətinin hamısına nəzarət edir. Ordu isə Şimali Darfurun şimalındakı bəzi ərazilərə nəzarət edir.
Ordu paytaxt Xartum da daxil olmaqla, Sudanın cənub, şimal, şərq və mərkəzi bölgələrində yerləşən 13 əyalətin əksəriyyətinə nəzarət edir.
Sudan ordusu ilə Çevik Dəstək Qüvvələri arasında 2023-cü ilin aprelində başlayan münaqişə minlərlə insanın ölümünə və milyonlarla insanın yurd-yuvasından didərgin düşməsinə səbəb olub.


















