ABŞ Alyaska, Kaliforniya və Florida sahillərində neft hasilatını artırmağı planlaşdırır

ABŞ Daxili İşlər Nazirliyinin yayımladığı təklifə görə, Amazon ölçüsündə olan 1,27 milyard hektar ərazidə qazma işləri həyata keçiriləcək

By
ABŞ Alyaska, Kaliforniya və Florida sahillərində neft hasilatını artırmağı planlaşdırır / Reuters

Donald Tramp administrasiyası ölkənin sahilyanı ərazilərini neft və qaz hasilatı üçün açmağı planlaşdırır.

ABŞ Daxili İşlər Nazirliyinin yayımladığı təklifə görə, Amazon ölçüsündə olan 1,27 milyard hektar ərazidə qazma işləri həyata keçiriləcək.

Plan çərçivəsində Alyaskanın şimal sahilləri, administrasiyanın “Amerika Körfəzi” adlandırdığı Meksika Körfəzi əraziləri və Kaliforniya sahillərinin bəzi hissələri qazma işlərinə açılacaq.

Daxili İşlər Naziri Duq Burqum bildirib ki, Bayden administrasiyası dənizdə neft və qaz hasilatı üçün icazələrin verilməsini dayandırıb və bu, Amerikanın dənizdəki fəaliyyətini məhdudlaşdırıb.

ABŞ-ın qalıq yanacaq hasilatını artırmalı olduğunu tez-tez dilə gətirən Donald Tramp bərpa olunan enerji sahəsində qlobal səyləri “saxtakarlıq” adlandırıb.

Tramp dəfələrlə iqlim elmini də saxtakarlıq kimi qiymətləndirib. Donald Trampın prezidentliyi dövründə ABŞ beynəlxalq iqlim sazişlərindən çıxıb və Braziliyada keçiriləcək COP30 iqlim sammitinə rəsmi nümayəndə heyəti göndərməyib.

Son planın uzun müddətdir dənizdə qazma işlərinə qarşı çıxan Kaliforniyada güclü etirazlarla üzləşəcəyi gözlənilir

Planın Meksika Körfəzi sahillərində də etirazlara səbəb olacağı ehtimal edilir. Florida ştatından olan Respublikaçı senator Rik Skot da plana etiraz edib. Rəsmi ‘‘X’’ səhifəsində paylaşım edən Rik Skot deyib: “Florida ştatının turizm, ətraf mühit və hərbi təlim imkanlarını qorumaq üçün sahillərdə neft və qaz hasilatı aparılmamalıdır’’.