Rusiyanın raket hücumu Xarkovda yaşayış binasını vurdu: ölənlər və yaralananlar var

Polşa hücuma cavab olaraq hərbi təyyarələrin havaya qaldırıldığını açıqlayıb

By
Rusiyanın raket hücumu Xarkovda yaşayış binasını vurdu: ölənlər və yaralananlar var / Reuters

Rusiyanın martın 7-də (bu gün) səhər tezdən Ukrayna ərazisinə həyata keçirdiyi hücumlar nəticəsində təxminən altı nəfər həlak olub. Bu barədə Ukrayna dövlət rəsmiləri məlumat veriblər. Bildirilir ki, bundan əvvəl açıqlanan beş nəfərin ölümü ilə bağlı məlumat sonradan yenilənib.

Xarkov vilayətində yaşayış binasına edilən hücumdan sonra dağıntılar altından beş nəfərin cəsədi tapılıb. Dnipro vilayətində isə bir nəfər həyatını itirib.

Xarkov şəhərinin meri İqor Terexov daha əvvəl verdiyi açıqlamada bildirmişdi ki, xilasedicilər Xarkovun Kiyevskyi rayonunda yerləşən yaşayış binasının dağıntıları altından üç nəfərin cəsədini çıxarıblar.

Vilayətin hərbi administrasiyasının rəhbəri Oleq Sinequbov isə “Telegram” kanalında etdiyi paylaşımda hücum nəticəsində altı və on bir yaşlı iki uşaq, eləcə də 17 yaşlı bir qız da daxil olmaqla ümumilikdə on nəfərin yaralandığını açıqlayıb.

O.Sinequbov qeyd edib ki, beşmərtəbəli bina hücumlar nəticəsində demək olar ki, tamamilə dağılıb. Onun sözlərinə görə, xilasedicilər dağıntılar altında qaldığı ehtimal edilən, aralarında bir uşaq da olmaqla daha on nəfəri axtarmağa davam edirlər.

NATO üzvü olan Polşa isə qonşu Ukrayna ərazisinə qarşı hücumların artmasına cavab olaraq hərbi təyyarələri havaya qaldırdığını bildirib.

Polşa Silahlı Qüvvələrinin Operativ Komandanlığı Rusiyanın Ukrayna ərazisinə raket hücumları səbəbindən ölkənin hava məkanında hərbi təyyarələrin fəaliyyətə başladığını açıqlayıb. Komandanlıq “X” platformasında yaydığı məlumatda qeyd edib ki, Rusiya Federasiyasının Ukraynaya qarşı həyata keçirdiyi raket hücumları səbəbindən hərbi aviasiya qüvvələri Polşanın hava məkanında fəaliyyətə başlayıb.

Ukraynanın bütün ərazisində hava hücumu təhlükəsi barədə xəbərdarlıq elan edilib.

Xarkov vilayətinin Çuquyev şəhərinin meri Halina Minayeva isə bildirib ki, bir yaşayış evinə qarşı həyata keçirilən pilotsuz uçuş aparatı (PUA) hücumu nəticəsində daha iki nəfər yaralanıb.