Vyetnamda sel fəlakəti nəticəsində ölənlərin sayı 90-a yüksəlib

Təbii fəlakətlər yanvar–oktyabr ayları arasında Vyetnamda ümumilikdə 279 nəfərin ölümünə səbəb olub

By
Vyetnamdakı sel fəlakətində ölənlərin sayı 90-a yüksəlib / Reuters

Vyetnam Kənd Təsərrüfatı və Ətraf Mühit Nazirliyinin noyabrın 23-də (bu gün) yaydığı məlumata görə, bir neçə gün davam edən intensiv yağış və torpaq sürüşmələrindən sonra ölkədə baş verən böyük sel fəlakətində ölənlərin sayı 90-a çatıb və 12 nəfər hələ də itkindir.

Dayanmadan yağan yağışlar oktyabr ayının sonlarından bəri ölkənin cənub-mərkəz bölgələrini vurub. Hətta ölkənin məşhur turistik istirahət mərkəzləri də dəfələrlə selə məruz qalıb.

Ağır zərər görmüş dağlıq Dak Lak əyaləti sakinləri bildirirlər ki, bəzi məhəllələr tamamilə məhv olub. Hər yer palçıqla örtülmüş vəziyyəttədir.

Kənd Təsərrüfatı və Ətraf Mühit Nazirliyi açıqlamasında bildirib ki, 16 noyabrdan bəri qeydə alınan 60-dan çox ölümün əksəriyyəti Dak Lak əyalətində baş verib və burada on minlərlə ev sel altında qalıb.

 

Beş əyalətdə 343 milyon dollarlıq təxmini iqtisadi ziyan

Dak Lak və digər dörd əyalətdə ötən həftə 80 min hektardan çox düyü və digər kənd təsərrüfatı məhsulları zərər görüb. Bölgədə 3,2 milyondan çox iribuynuzlu, xırdabuynuzlu və ya ev quşu sel sularında tələf olub.

Rəsmilər sel və torpaq sürüşmələri faktı qeydə alınmış ərazilərə helikopterlərlə humanitar yardım çatdırıb. Dövlət xəbər agentliyi “Tuoi Tre New”sun məlumatına görə, təsirlənən bölgələrə geyim, içməli təmiz su, qida və digər ehtiyac məhsullarını göndərmək üçün on minlərlə əməkdaş səfərbər edilib.

Dövlət mediasının xəbərinə əsasən, cənub sahilində yerləşən Xan Hoa əyalətində baş verən güclü sel ötən həftə iki körpünü dağıdaraq ərazidə yaşayan çoxsaylı ailəni təcrid vəziyyətində qoyub.

Kənd Təsərrüfatı və Ətraf Mühit Nazirliyinin bildirdiyinə görə, noyabrın 23-də (bu gün) ölkənin bir neçə əsas magistral yolunun bəzi hissələri sel və torpaq sürüşmələri səbəbindən bağlanıb, dəmir yolu xətlərinin müəyyən bölmələrində isə hərəkət mümkünsüz vəziyyətə çatıb.

Həmçinin bildirilir ki, sel fəlakəti ucbatından elektrik təchizatında da problemlər yaşanır. Belə ki, ötən həftədən bəri bir milyondan çox insan işıqsız qalıb.

Nazirliyin noyabrın 23-də verdiyi bəyanatda bildirib ki, sel nəticəsində beş əyalətdə təxmini iqtisadi ziyan 343 milyon dollar təşkil edir.

Milli Statistika İdarəsinin məlumatına görə, yanvar–oktyabr dövründə baş verən təbii fəlakətlər Vyetnamda ümumilikdə 279 nəfərin ölümünə və ya itkin düşməsinə, həmçinin 2 milyard dollardan çox iqtisadi itkiyə səbəb olub.

Qeyd edilir ki, Cənub-Şərqi Asiya ölkəsi adətən iyun–sentyabr ayları arasında güclü yağışlara məruz qalır. Lakin alimlər bildirirlər ki, iqlim böhranı ekstremal hava hadisələrinin təsirini daha dağıdıcı şəkildə gücləndirib.