BMT Baş katibi Antonio Quterreş terrorun qəbuledilməz olduğunu bir daha bəyan edərək, günahkarların müəyyən edilib ədalət qarşısına çıxarılmasının vacibliyini vurğulayıb.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Katibi Antonio Quterreş Pakistanda qatarı hədəf alan və 20-dən çox insanın ölümünə səbəb olan hücumu pisləyib.
BMT-nin sözçüsü Stefan Düjarrik (Stephane Dujarric) mayın 25-də verdiyi açıqlamada Quterreşin “Pakistanın Bəlucistan əyalətində qatarı hədəf alan partlayışı pislədiyini, həyatını itirənlərin ailələrinə başsağlığı verdiyini və yaralananlara tezliklə şəfa dilədiyini” bildirib.
Düjarrik “Baş Katib terrorun bütün forma və təzahürləri ilə qəbuledilməz olduğunu bir daha təkrar edir. Günahkarların müəyyən edilərək ədalət qarşısına çıxarılmalı olduğunu vurğulayır. Birləşmiş Millətlər Təşkilatının Pakistan xalqı və hökuməti ilə həmrəyliyini təsdiqləyir” ifadələrini işlədib.
Qeyd edək ki, mayın 24-də Pakistanın Bəlucistan əyalətində güclü partlayışın qatarı relsdən çıxarması nəticəsində baş verən şübhəli intihar hücumunda azı 28 nəfər ölüb, 90 nəfər yaralanıb.
Polis partlayışın qatarın şəhərin hərbi qarnizon bölgəsinə doğru hərəkət etdiyi vaxtda baş verdiyini açıqlayıb.
Qeyri-sabit bölgə
Faydalı qazıntılarla zəngin olan və milyardlarla dollarlıq Çin-Pakistan İqtisadi Dəhlizinin mühüm marşrutlarından biri hesab edilən Bəlucistan uzun müddətdir separatçı qruplarla bağlı zorakılıq hadisələrinə səhnə olur.
Keçən ilin mart ayında terrorçular hərbçiləri daşıyan "Jaffar Express" qatarını qaçıraraq yüzlərlə insanı girov götürmüşdülər. Bir gün davam edən böhran hərbi əməliyyatla başa çatmış; hadisədə 21 girov, dörd əsgər və hücum edənlərin hamısı olmaqla 33 nəfər ölmüşdü.
Pakistan qüvvələri bu ilin əvvəlində əyalət miqyasında koordinasiyalı hücumlar təşkil edərək təxminən 50 nəfəri öldürən qrupa qarşı keçirilən əməliyyatlarda 145 terrorçunun öldürüldüyünü açıqlamışdı.












