DÜNYA
1 dəqiqə oxuma
İsrail ordusu atəşkəsi növbəti dəfə pozaraq Qəzzada iki fələstinlini öldürdü
Bu barədə səhiyyə mənbələri məlumat yayıb
İsrail ordusu atəşkəsi növbəti dəfə pozaraq Qəzzada iki fələstinlini öldürdü
İsrail ordusu atəşkəsi bir daha pozaraq Qəzzada iki fələstinlini öldürdü / AA
25 oktyabr 2025

İsrail ordusunun Qəzzanın mərkəzindəki Deyr əl-Bəlah bölgəsinə endirdiyi zərbələr nəticəsində iki fələstinli həlak olub. Bu barədə səhiyyə mənbələri məlumat yayıb.

Yerli mənbələr bildiriblər ki, həlak olan fələstinlilər ''sarı xətt'' olaraq bilinən və İsrailin şərqdə hərbi mövcudluğunu davam etdirdiyi bölgələri, qərbdə isə atəşkəs çərçivəsində təhlükəsiz sahələr kimi adlandırılan əraziləri ayıran süni sərhədi keçiblər. Mənbələr həmçinin bildirib ki, xəttin aydın yer nişanları olmadığı üçün mülki insanlar hədəf alına bilər.

Atəşkəs müqaviləsinə əsasən, İsrail ordusu "sarı xəttin" şərqindəki yeni mövqelərə qismən geri çəkilib. Bildirilib ki, İsrail ordusu hələ də Qəzza ərazisinin 53 faizinə nəzarət edir.

İsrailin ictimai yayım orqanı İsrail Milli Təhlükəsizlik Naziri İtamar Ben-Qvirin hökumət iclasında "sarı xətt"ə yaxınlaşan fələstinlilərin, o cümlədən uşaqların hədəf alınmasında israr etdiyini bildirib.

Qəzza Mülki Müdafiə İdarəsi daha əvvəl açıqlama yayaraq bildirib ki, İsrail ordusu xətti keçən və ya yaxınlaşan fələstinliləri qəsdən hədəf alıb. Bundan əvvəl bir neçə fələstinli də "sarı xətti" keçdiyi üçün öldürülüb.

Qəzzadakı Media Ofisinin oktyabrın 19-da yaydığı bəyanata görə, atəşkəs qüvvəyə mindikdən bəri İsrail ordusu 80 qanun pozuntusu törədərək 97 fələstinlini öldürüb.

Trampın 20 maddəlik Qəzza ilə bağlı atəşkəs planının birinci mərhələsi oktyabrın 10-da qüvvəyə minib. Birinci mərhələyə əsir mübadiləsinin aparılması, Qəzzanın yenidən qurulması və yeni idarəetmə orqanının yaradılması daxildir.