MƏDƏNİYYƏT
2 dəqiqə oxuma
TRT İsrailin Avroviziyada iştirakı ilə bağlı mübahisələr fonunda EBU iclasını tərk edib
Qəzzada soyqırım davam edərkən Avropa yayım orqanları İsrailin Avroviziya Mahnı Müsabiqəsində iştirakını pisləyib
TRT İsrailin Avroviziyada iştirakı ilə bağlı mübahisələr fonunda EBU iclasını tərk edib
Eurovision / TRT Balkan
5 dekabr 2025

Qəzzada soyqırım davam edərkən Avropa yayım orqanları İsrailin Avroviziya Mahnı Müsabiqəsində (“Eurovision" mahnı müsabiqəsi) iştirakını pisləyib. Bir neçə Avropa ölkəsi 2026-cı ildə Avroviziyanı boykot edəcəklərini açıqlayıblar.

Cenevrədə keçirilən Avropa Yayım İttifaqının (EBU) 95-ci Baş Assambleyasında yeni üzvlük qaydaları və İsrailin ictimai yayım orqanı olan KAN-ın 2026-cı ildə Avroviziya Mahnı Müsabiqəsindəki statusu ilə bağlı geniş müzakirələr aparılıb.

Səsvermə başlamadan əvvəl üzvlər İsrailin Qəzzada həyata keçirdiyi soyqırım fonunda KAN-ın tədbirdə iştirakının davam etdirilib-etdirilməməsi ilə bağlı açıqlamalar veriblər.

EBU-nun qurucu üzvü kimi çıxış edən "TRT World" telekanalının əsas qurumu olan TRT Qəzzada vəziyyətin İsrailin tədbirdə iştirakını Avroviziya dəyərləri ilə uyğunsuz hala gətirdiyini bildirib.

TRT nümayəndə heyəti açıqlamada bildirib ki, "Bu zalda olan hər kəs kimi, biz də TRT olaraq onilliklər boyu davam edən zülm və soyqırımın bütün dünyanın gözü qarşısında baş verdiyinə şahid oluruq. Sözdə atəşkəs elan ediləndən bəri onlarla uşaq öldürülüb və yardım hələ də Qəzzaya təhlükəsiz şəkildə çatmayıb. İsrail tərəfindən 270-dən çox jurnalist öldürülüb. TRT-nin mövqeyi aydındır: İsrail ictimai yayımçısı KAN-ın müsabiqədə iştirakı nə uyğundur, nə də müsabiqənin dəyərləri ilə üst-üstə düşür, buna görə də buna icazə verilməməlidir".

İrlandiyanın ictimai yayımçısı RTE bu fikri təkrarlayaraq bildirib: Qəzzada baş verən dəhşətli insan itkisi və davam edən humanitar böhran nəzərə alınmaqla, İsrail yayımçısı KAN müsabiqədə qaldığı müddətcə bu tədbirdə iştirakımız vicdani olaraq qəbuledilməz.

İsrail yayımçısı çıxış edərkən TRT nümayəndələri etiraz əlaməti olaraq zalı tərk ediblər.

TRT və bir neçə digər üzv açıq səsverməyə etiraz edərək gizli səsvermə tələb ediblər.

Nəticədə Baş Assambleya yeni iştirak qaydalarını təsdiqləyib, lakin İsrailin daxil edilməsi ilə bağlı ayrıca səsvermə keçirməmək qərarına gəlinib.

Almaniya və Avstriya üzvləri açıq şəkildə KAN-ı dəstəkləsələr də, İspaniya, Sloveniya, İrlandiya və Hollandiya yayımçıları səsvermədən sonra Avroviziya 2026-nı boykot edəcəklərini elan ediblər.

Bu fikir ayrılığı, ABŞ-ın vasitəçiliyi ilə əldə edilən atəşkəsə baxmayaraq, İsrailin Qəzzaya qarşı davam edən müharibəsi, Fələstində artan itkilər və mədəni, siyasi və media qurumlarında artan beynəlxalq tənqid fonunda yaranıb.