DÜNYA
2 dəqiqə oxuma
Avstraliya və İndoneziya təhlükəsizlik sahəsində yeni müqavilə imzalamaq barədə razılığa gəliblər
Avstraliya və İndoneziya noyabrın 12-də Sidneydə keçirilən danışıqlardan sonra təhlükəsizlik sahəsində yeni müqavilə imzalamaq barədə razılığa gəliblər.
Avstraliya və İndoneziya təhlükəsizlik sahəsində yeni müqavilə imzalamaq barədə razılığa gəliblər
Avstraliya və İndoneziya təhlükəsizlik sahəsində yeni müqavilə imzalamaq barədə razılığa gəliblər / Reuters
12 noyabr 2025

Avstraliya və İndoneziya noyabrın 12-də Sidneydə keçirilən danışıqlardan sonra təhlükəsizlik sahəsində yeni müqavilə imzalamaq barədə razılığa gəliblər.

Avstraliya Çin təsirinə qarşı durmaq üçün ordusunu gücləndirir və uzun müddətdir müttəfiqi olan ABŞ-la münasibətlərini möhkəmləndirir. İndoneziya isə daha neytral siyasət yürüdür, Vaşinqtona çox yaxınlaşmaqdan çəkinir və Pekini narahat edə biləcək hərəkətlərdən uzaq durur.

Avstraliya Baş naziri Entoni Albanese Prabovo Subianto ilə görüşündə deyib:
"Biz ortaq təhlükəsizliyimizlə bağlı ikitərəfli müqavilə üzrə danışıqları başa çatdırdıq. Bu müqavilə hər iki ölkənin sülh və sabitliyini təmin etmək üçün ən yaxşı yolun birlikdə işləmək olduğunu qəbul etdiyini göstərir’’.

Albanese gələn il müqaviləni imzalamaq üçün İndoneziyaya səfər etməyi ümid etdiyini qeyd edib. O, həmçinin bildirib ki, yeni müqavilə 2024-cü ildə imzalanmış ikitərəfli müdafiə müqaviləsinə əsaslanır. Bu müqavilə Asiya-Sakit okean regionunun mübahisəli ərazilərində daha sıx əməkdaşlığı təmin edir və hər iki ordunun bir-birinin ərazisində fəaliyyət göstərməsi üçün müddəaları özündə əks etdirir.

2024-cü il müqaviləsinin imzalanmasından bir neçə ay sonra minlərlə İndoneziya və Avstraliya əsgəri Şərqi Yavada birgə təlimlər keçirib.

Albanese bildirib ki, yeni müqavilə çərçivəsində ölkələr təhlükəsizlik məsələlərini rəhbərlik və nazirlər səviyyəsində müntəzəm məsləhətləşmələrlə həll etmək öhdəliyi götürüblər. Prabovo Subianto isə öz növbəsində qeyd edib ki, müqavilə iki ölkəni müdafiə və təhlükəsizlik sahəsində sıx əməkdaşlığa təşviq edir.
"Biz qonşularımızı seçə bilmərik… Yaxşı qonşular çətin anlarda bir-birinə kömək edir’’,-deyə Prabovo Subianto vurğulayıb.

Qeyd edək ki, avqust ayında Avstraliya İndoneziya, ABŞ və digər müttəfiqlərlə birgə hərbi təlimlərdə iştirak edib. Rəsmi Kanberra həmçinin Pekinin artan təsirinə qarşı digər Sakit okean qonşuları ilə daha sıx hərbi əlaqələr qurmağa çalışır.

Sentyabr ayında Papua Yeni Qvineya ilə müdafiə sahəsində əldə edilən müqavilədə isə hər iki ölkə bir-birini silahlı hücumlardan və təhlükəsizliklərinə qarşı yayılan təhdidlərdən qorumaq öhdəliyi götürüb.