Sudanda 23 uşaq aclıqdan həyatını itirib

Sudan Həkimləri Birliyinin məlumatına görə, ölkədə baş verən xaos səbəbindən insanlar qida çatışmazlığından əziyyət çəkir

By
Sudanda 23 uşaq aclıqdan həyatını itirib / Reuters

Sudanda ölkə ordusu ilə paramilitar qruplar arasında şiddətli döyüşlərin davam etdiyi ərazidə cəmi bir ay ərzində qidalanma çatışmazlığı səbəbindən iyirmidən çox uşaq həlak olub.

Kordofan bölgəsində 23 uşağın ölümü artıq 30 aydan çoxdur davam edən dağıdıcı müharibənin təsiri ilə ölkədə dərinləşən humanitar böhranı və sürətlə yayılan aclıq təhlükəsini nümayiş etdirir.

Xəbər verildiyi kimi, Sudan 2023-cü ilin aprelində ordu ilə üsyançı Çevik Dəstək Qüvvələri (Rapid Support Forces, RSF) arasında hakimiyyət uğrunda mübarizənin paytaxt Xartumda və digər bölgələrdə açıq hərbi toqquşmaya çevrilməsi ilə xaosa sürüklənib.

BMT-nin məlumatına görə bu dağıdıcı müharibə 40 min nəfərdən çox insanın ölümünə səbəb olub, lakin yardım təşkilatları bu rəqəmin əslində daha yüksək ola biləcəyini bildirirlər. Müharibə nəticəsində 14 milyondan artıq insan evlərini tərk edib, xəstəlik epidemiyaları yayılıb və ölkənin bir sıra bölgələri aclığa sürüklənib. Sudandakı bu vəziyyət dünyada ən böyük humanitar böhranlardan birinə çevrilib.

Beynəlxalq aclıq üzrə mütəxəssislərin məlumatına əsasən, sentyabr ayına olan göstəricilərə görə, Kordofan və qərbdə yerləşən Darfur bölgəsində təxminən 370 min insan artıq aclıq çəkir, daha 3,6 milyon insan isə bu fəlakətin bir addımlığındadır.

 

Uşaq ölümlərinin səbəbi ağır qidalanma çatışmazlığından qaynaqlanır

Sudandakı müharibəyə şahidlik edən Sudan Həkimləri Birliyi bildirib ki, uşaq ölümləri 20 oktyabr–20 noyabr tarixləri arasında mühasirə altındakı Kadukli şəhəri və Dilling qəsəbəsində qeydə alınıb.

Təşkilat noyabrın 21-də yaydığı açıqlamada bildirib ki, ölüm halları kəskin ağır qidalanma çatışmazlığı və əsas ərzaq məhsullarının yoxluğu ilə bağlıdır. Bildirilib ki, yaşanan bu xaos qida və dərmanların bölgəyə daxil olmasına mane olur və minlərlə dinc sakinin həyatını təhlükəyə atır.

Cənubi Kordofanın paytaxtı Kaduklidə İnteqrasiya edilmiş Ərzaq Təhlükəsizliyi Faza Təsnifatı (Integrated Food Security Phase Classification, IPC) bu ayın əvvəlində rəsmi olaraq aclıq elan edib.

Cənubi Kordofanın Dilling qəsəbəsində də Kaduklidəki kimi aclıq şəraiti müşahidə olunur, lakin IPC burada rəsmi aclıq elan etmədiyini məlumat çatışmazlığı ilə izah edib.

Bildirilir ki, üsyançı RSF qüvvələri bu ayın əvvəlində Sudan ordusunu əl-Fəşirdən çıxarıb və yardım təşkilatları ilə BMT rəsmilərinə görə, şəhərdə baş verən zorakılıqlardan qaçan on minlərlə insanı həddindən artıq dolu düşərgələrə sığınmağa məcbur edib.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, RSF silahlıları şəhərdəki Səudiyyə Xəstəxanasına hücum edib və 450-dən çox insanı qətlə yetirib. Yardım işçiləri və köçkün sakinlər bildirirlər ki, silahlılar evlərə hücum edərək mülki şəxsləri qətlə yetirib və cinsi zorakılıq halları törədiblər.

 

Əl-Fəşirdə meyitlər məhv edilir

Yeyl İctimai Səhiyyə Məktəbinin Humanitar Tədqiqat Laboratoriyası (Humanitarian Research Lab, HRL) noyabrın 22-də yaydığı açıqlamada bildirib ki, yeni peyk görüntüləri üsyançı RSF-nin əl-Fəşirdə bir sıra nöqtələrdə meyitlərin məhv edilməsini davam etdirdiyini göstərir.

Görüntülərdə Səudiyyə Xəstəxanasının ətraf ərazilərində mümkün meyit məhv edilməsi prosesləri qeydə alınıb. HRL təşkilatı bildirir ki, bu məntəqələr RSF silahlılarının ötən ay şəhəri ələ keçirdiyi vaxt çoxsaylı ölüm hallarının baş verdiyi ərazilərlə üst-üstə düşür.