Siqaretin çoxları tərəfindən təkcə sağlamlığa zərər vurduğu düşünülsə də, əslində ətraf mühit üçün də böyük təhlükə yaratdığı məlum olub. Belə ki, hər nəfəsdə insan bədənini zəhərləyən siqaret hər bir tullantı kötüyü ilə də təbiəti səssiz şəkildə çirkləndirir.
Dünya üzrə hər il təbiətə atılan milyardlarla siqaret kötüyü zahirdə adi bir tullantı kimi görünsə də, əslində ən təhlükəli plastik tullantılardan biridir. Siqaret filtrlərində istifadə olunan kimyəvi maddələr torpağı və su ehtiyatlarını çirkləndirərək ekosistemə uzun illər davam edəcək zərər vurur.
Bir çox insan fərqində deyil ki, siqaret kötükləri əslində on illərlə təbiətdə parçalanmadan qalır və böyük çirklənməyə səbəb olur. Üstəlik, problem təkcə siqaret kötükləriylə də bitmir. Siqaret tüstüsünün havaya yaydığı karbonmonoksid, metan və azot oksidi kimi qazlar açıq və qapalı məkan fərq etmədən havanı çirkləndirərək şəhərlərin nəfəs aldığı təmiz havanı azaldır.
Xüsusilə sıx məskunlaşmış bölgələrdə daha çox hiss edilən bu hava çirklənməsi bütün ekosistemin nəfəsini daraldır. Bir sözlə, siqaret təkcə bir sağlamlıq problemi deyil. Havadan suya, torpaqdan bütün canlılara qədər bir çox sahədə planetin gələcəyini təhdid edən ekoloji böhrandır.
Bu görünməyən təhlükə haqqında İstanbul Texniki Universitetinin Davamlılıq Kafedrasının rəhbəri, alim Börte Köse Mutlu araşdırma aparıb. Məlum olub ki, siqaretin təkcə insan sağlamlığına deyil, həmçinin ətraf mühitə və iqlimə də ciddi zərər vurur.
Börte Köse Mutlu deyir:
“Siqaretin təsirlərini karbon izi, iqlim dəyişikliyi, təmiz su və mikroplastik çirkliliyi baxımından qiymətləndirmək çox vacibdir.”
Dosent Börte Köse Mutlu dünya üzrə siqaret istifadəsinin hələ də yüksək olduğunu vurğulayaraq rəqəmləri belə açıqlayır:
“2010-cu ildə müəyyən edilmiş hədəflərə əsasən, 2025-ci ilə qədər 15 yaşdan yuxarı əhalidə siqaret istifadəsinin 30 faiz azaldılması planlaşdırılmışdı. Ancaq pandemiya, iqlim böhranı və müharibələr kimi qlobal böhranlar bu hədəfə çatmağa mane oldu. Hazırda təxminən 1,2 milyard insan siqaretdən istifadə edir.”
Bu rəqəmlər, doğrudan da, düşündürücüdür. İndi isə siqaretin ətraf mühitə necə zərər vurduğuna baxaq. Siqaret təkcə sağlamlığa mənfi təsir edən bir problem deyil, eyni zamanda ciddi ekoloji problemdir. Bəs bu necə baş verir?
Börte Köse Mutlu bunu belə izah edir:
“Siqaretin istehsalından daşınmasına, istifadə edilməsindən tullantıların idarə olunmasına qədər bütün mərhələlərdə karbon emissiyası yaranır. Tütün əkini zamanı istifadə olunan gübrələr və kənd təsərrüfatı texnikası, istixana qazlarının həcmini artırır. Siqaret istehsal edən zavodların enerji sərfi bu yükü daha da artırır. Bir siqaret yandırıldığında ortaya çıxan tüstü yanma yolu ilə karbon qazının havaya yayılmasına səbəb olur. Buna görə də, dünyada istehlak edilən milyardlarla siqaret qlobal karbon izinin görünməyən, amma əhəmiyyətli bir hissəsini təşkil edir.”
Nəticədə siqaret tüstüsü təkcə istifadə edənləri və passiv çəkənləri deyil, atmosferi də zəhərləyir. Börte Köse Mutlu bu barədə belə deyir:
“Tüstüdəki karbonmonoksid, metan və azot oksidi kimi qazlar iqlim dəyişikliyini gücləndirən istixana qazlarıdır. Bu qazlar havanın keyfiyyətini korlayır, ekosistemlərin tarazlığını pozur. Yəni siqaret təkcə fərdi sağlamlıq problemi deyil, kollektiv bir iqlim problemidir.”
İndi isə keçək ən sarsıdıcı məsələyə: siqaret kötüklərinin yaratdığı zəhərli qalıqlara. Siqaretin tüstüsü qədər kötüyü də ətraf mühitə ağır zərbə vurur. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, dünya üzrə hər il təxminən 4,5 trilyon siqaret kötüyü təbiətə atılır.
Börte Köse Mutlu bildirir ki, bir ədəd siqaretin toxumdan qurudulmasına, qablaşdırmasına və məhsulun əldə olunmasına qədər, istehsalı üçün təxminən 3–4 litr su sərf olunur. Dünya üzrə illik siqaret istehsalını nəzərə aldıqda, siqaret sənayesinin təmiz su istifadəsi olduqca ciddi səviyyələrə çatır.
Bundan əlavə, təbiətə atılan kötüklər tərkibindəki nikotin, ağır metallar və toksinlərin varlığı su mənbələrini çirkləndirərək həm ekosistemə, həm də siqaret çəkməyən insanlara da dolayı yolla ziyan vurur. Məsələylə bağlı San Dieqo Dövlət Universitetində aparılan araşdırmaya görə, bir litr suya tək bir siqaret kötüyü atıldıqda belə, su canlılarının yarısı məhv olur.
Mikroplastiklər
Börte Köse Mutlu deyir ki, siqaret kötüklərinin gözlə görünməyən ən mühüm tərəfi mikroplastik təsiridir. Siqaret kötüklərinin filtrində selüloz asetat adlı plastik əsaslı material var. Bu maddə təbiətdə yüz illərlə parçalanmadan qalır.
Alim Börte Köse Mutlu deyir:
“Aparılan bir araşdırmaya görə, istifadə olunmuş bir filtr hər gün təxminən 100 mikrofiber buraxır. Bu mikrofiberlər zamanla dənizlərə, göllərə və torpağa qarışır. Mikroplastiklər qida zəncirinə daxil olaraq həm heyvanlara, həm də insanlara zərər vurur. Bu baxımdan siqaret kötükləri müasir dövrün ən kritik ekoloji problemlərindən biri olan mikroplastik çirkliliyinin mühüm mənbəyidir.”
Yekunda isə belə bir nəticəyə gəlmək olar, siqaretin həm görünən (insan sağlamlığı) həm də görünməyən (ekoloji) təsirləri varlığı danılmaz bir faktdır. Həqiqət isə bundan ibarətdir ki, hər bir siqaret kötüyü yüz illlərlə təbiətdə qalır, suları zəhərləyir, mikroplastiklərə çevrilərək qida zəncirimizə daxil olur.
Yəni bir sözlə siqaret təkcə onu çəkənə təsir edən bi problem deyil, hamımızın problemidir. Çünki həmin tüstü havamızı, kötükləri isə suyumuzu və torpağımızı çirkləndirir.
Maariflənmək dəyişimin ilk addımıdır. Bəlkə də bundan sonra artıq yerdə gördüyünüz siqaret kötüyünə fərqli gözlə baxmalıyıq. Yaxud siqaret çəkiriksə, artıq onu tərgitmək barədə daha ciddi düşünməliyik.
















