Fələstin Təhsil Nazirliyinin açıqladığı son statistikaya görə, İsrailin üç ildir davam edən hücumları nəticəsində Qəzza zolağında və işğal altındakı İordan çayının qərb sahilində ümumilikdə 20 748 fələstinli tələbə və 1058 təhsil işçisi həlak olub.
Hesabatda hücumlar nəticəsində Qəzzadakı təhsil sisteminin demək olar ki, tamamilə çökdüyü, bölgədəki 12 universitetin hamısının zərər gördüyü, məktəblərin böyük əksəriyyətinin yararsız hala düşdüyü və yüz minlərlə gəncin təhsil hüququndan məhrum olduğu bildirilib.
Rəsmi rəqəmlərə əsasən, Qəzzada 19 189 məktəbli və 1386 universitet tələbəsi həlak olub, 28 586 məktəbli və 3082 universitet tələbəsi yaralanıb. Həmçinin 805 məktəb və 246 universitet işçisi həyatını itirib.
İşğal altındakı İordan çayının qərb sahilində isə İsrail qüvvələrinin hücumları nəticəsində 134 məktəbli və 39 universitet tələbəsi ölüb, yüzlərlə tələbə və müəllim yaralanıb və ya həbs edilib.
Qeyd edək ki, 2023-cü ilin oktyabrından bəri İsrailin Qəzzaya hücumları nəticəsində ölənlərin sayı 74 mini keçib, 175 mindən çox insan yaralanıb və ərazidəki infrastrukturun təxminən 90 faizi dağılıb. Eyni dövrdə İordan çayının qərb sahilində 1210 fələstinli qətlə yetirilib, 13 350-dən çox şəxs yaralanıb və 24 600-ə yaxın insan həbs olunub.

















