İdmanda ikili standartlar, Ukrayna və Qəzza

Rusiyadan fərqli olaraq İsrail nə IOC, nə də FIFA kimi qlobal idman qurumları tərəfindən yarışlardan kənarlaşdırılmır

İspaniyada velosiped yarışı / AA

Qəzzadakı soyqırım səbəbindən İsrailə qarşı artan qlobal etirazlar idman və mədəniyyət sahələrinə də sirayət edib. Lakin tənqidçilər bildirirlər ki, bu reaksiyalar kifayət etmir və İsrailin də, 2022-ci ildə Ukraynaya hücumuna görə beynəlxalq yarışlardan kənarlaşdırılan Rusiya kimi təcrid edilməli olduğunu vurğulayırlar. Rusiyanın əksinə olaraq, İsrail təkcə kiçik “Muay Thai” federasiyasının qərarı ilə məhdudiyyətlərlə üzləşib, digər qlobal idman qurumları isə ciddi addım atmayıb.

İspaniya Baş naziri Pedro Sançes bu yaxınlarda “Vuelta” veloyarışında Fələstin tərəfdarı aksiyaçılara dəstək verərək, Qəzzadakı “vəhşilik” sona çatana qədər İsrailin beynəlxalq idman tədbirlərindən boykot edilməli olduğunu bəyan edib. İspaniya dövləti həmçinin İsrailin iştirakına icazə veriləcəyi halda, “Eurovision” mahnı müsabiqəsindən imtina edəcəklərini də açıqlayıb.

Bu ayın əvvəlində “Hollivud”un bir qrup prodüseri, aktyoru və sənaye nümayəndəsi festivallar, yayımlar və kino şirkətləri də daxil olmaqla İsrail film qurumlarını boykot edəcəklərini elan edib. Baş nazir P.Sançes “Niyə İsrail də Rusiya kimi idmandan kənarlaşdırılmır?” sualını gündəmə gətirib.

Beynəlxalq Olimpiya Komitəsinin (IOC) icraçı direktoru Kristofer Dubi isə Milan şəhərində verdiyi açıqlamada gündəmə gətirtilən hər iki halın bir birindən fərqli olduğunu deyib. Həm IOC, həm də FIFA Rusiyaya qarşı hüquqi əsasların mövcud olduğunu, İsrail məsələsində isə bu əsasların yaranmadığını iddia edib, lakin ətraflı açıqlama verməyib. FIFA isə Fələstin Futbol Federasiyasının İsrailin yarışlardan kənarlaşdırılması ilə bağlı şikayətlərini araşdıran komissiyaların işinin niyə yubandığını şərh etməkdən yayınıb.

Xatırladaq ki, Rusiya 2022-ci ilin fevralında Ukraynaya hücum etdikdən dərhal sonra əksər idman federasiyaları tərəfindən qara siyahıya salınmış və Paris Olimpiadasında yalnız neytral bayraq altında iştirak edə bilmişdi. Lakin İsrail 2023-cü il oktyabrın 7-dən bəri 65 mindən çox fələstinlinin ölümünə səbəb olan Qəzza soyqırımına baxmayaraq, oxşar təcrid tədbirləri ilə üzləşməyib.

Bəzi ekspertlər İspaniyanın addımını əhəmiyyətli hesab edir, çünki bu ölkə 2030-cu ildə Dünya Çempionatına ev sahibliyi edəcək əsas futbol ölkəsidir. Bundan əlavə, İspaniya yaxın vaxtlarda NFL oyunu və gələn il “Tur de Frans” veloyarışının açılış mərhələsinə ev sahibliyi edəcək. Hollanda mərkəzli “Asser” İnstitutunun eksperti Antuan Duval deyib: “İndiyədək İsrailin Qəzzadakı əməllərinə qarşı bu səviyyədə qəzəb görməmişdik”.

Böyük Britaniyanın Birmingem şəhərindən bir deputat isə UEFA-ya müraciət edərək, 6 noyabrda “Aston Villa” ilə İsrailin “Makkabi Təl-Əviv” klubu arasında keçirilməsi planlaşdırılan Avropa Liqası oyununu “ictimai təhlükəsizlik və sosial sabitlik” səbəbilə təcili ləğv etməyə çağırıb. Lakin UEFA-nın bu istiqamətdə hərəkət edəcəyinə dair hələ ki, heç bir işarə yoxdur.

Avropada bir neçə idman federasiyası israilli komandalarla qarşılaşmaq istəmədiklərini bildirsə də, İsrail beynəlxalq yarışlardan kənarlaşdırılmadığı üçün alternativlərinin olmadığını etiraf ediblər. İrlandiya Basketbol Federasiyasının icraçı direktoru Con Fihan noyabrda keçiriləcək qadınlar “Avrobasket” seçmə oyununda İsraillə qarşılaşacaqlarını deyib: “Bu şəraitdə İsraillə oyun bizim üçün arzuolunan ssenari deyil, amma idman aləmində İsrailin statusunda heç bir dəyişiklik yoxdur.”

SOURCE: TRT