Merzifon 5-ci Əsas Reaktiv Baza Komandanı briqada generalı Alper Gezeravcı: "Türkiyə Hərbi Hava Qüvvələri təkcə müdafiə və müşahidə məsuliyyətləri ilə deyil, lazım gəldikdə əməliyyat sahəsində təşəbbüs göstərə bilən, çəkindiriciliyi yüksək, müasir və güclü zərbə qüvvəsi olması ilə də fərqlənir"
Türkiyənin Amasya vilayətinin Merzifon rayonundakı 5-ci Əsas Reaktiv Baza Komandanlığına tabe olan 151-ci Reaktiv Eskadrilya Komandanlığının bölmələri NATO-nun 73-cü Dövr Gücləndirilmiş Hava Polisliyi missiyası çərçivəsində Rumıniyadakı “Feteşti” hava hazasına çatıb.
Türkiyə Hərbi Hava Qüvvələrinin tərkibindəki 5 ədəd F-16 döyüş təyyarəsi və 111 nəfər şəxsi heyət 4 ay ərzində “Feteşti” hava bazasında xidmət aparacaq. Missiyanı 1 dekabr 2026-cı ildə İspaniya Hərbi Hava Qüvvələri bölmələrindən təhvil alacaq Türkiyə Hərbi Hava Qüvvələri bölmələri 1 aprel 2027-ci ilə qədər NATO hava məkanının mühafizəsini təmin edəcək.
Merzifon 5-ci Əsas Reaktiv Baza Komandanı briqada generalı Alper Gezeravcı jurnalistlərə bildirib ki, Türkiyə Silahlı Qüvvələri regional və qlobal miqyasda sülhün, sabitliyin və kollektiv müdafiənin ən güclü təminatçılarından biri olmaqda davam edir.
Bu missiyanın NATO-nun ortaq təhlükəsizlik əsasları daxilində müttəfiq həmrəyliyinin və birgə fəaliyyət qabiliyyətinin mühüm təzahürü olduğunu bildirən Gezeravcı bunları deyib:
"Hava məkanımızın və alyans coğrafiyasının təhlükəsizliyi üçün nümayiş etdirdiyimiz qətiyyət hazırda müttəfiqlərimizlə çiyin-çiyinə icra etdiyimiz bu missiya ilə bir daha ortaya qoyulur. Türkiyə Hərbi Hava Qüvvələri təkcə müdafiə və müşahidə məsuliyyətləri ilə deyil, lazım gəldikdə əməliyyat sahəsində təşəbbüs göstərə bilən, çəkindiriciliyi yüksək, müasir və güclü zərbə qüvvəsi olması ilə də fərqlənir. Təlimdən əməliyyata, uçuş təhlükəsizliyindən təminata qədər hər mərhələdə ortaya qoyduğumuz yüksək standartlar bu missiyanı ən effektiv şəkildə yerinə yetirməyimizin əsas dayağıdır".
Seçilmiş təyyarə dəstəsinin şəxsi heyətinin Rumıniyada xidmət edərkən Türkiyəni, Türkiyə Silahlı Qüvvələrini və Türkiyə Hərbi Hava Qüvvələrini ən yüksək nizam-intizam, nüfuz və uğurla təmsil edəcəyini vurğulayan Gezeravcı onu da deyib ki, missiya müddətində təhlükəsizlik prioritetimizdən güzəştə getmədən, müttəfiq bölmələrlə tam ahəng içində çalışaraq üzərimizə götürdüyümüz məsuliyyəti ən yaxşı şəkildə yerinə yetirəcəyik. Bu münasibətlə xidmət aparacaq bütün şəxsi heyətimizə yüksək uğurlar arzulayır, millətimizin qürur duyacağı, qəzasız və təhlükəsiz bir xidmət dövrü diləyirəm".














