TÜRKİYƏ
2 dəqiqə oxuma
Milli Təhlükəsizlik Şurasının iclası Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilib
Milli Təhlükəsizlik Şurasının (MTŞ) iclası Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Prezident İqamətgahında keçirilib
Milli Təhlükəsizlik Şurasının iclası Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilib
Milli Təhlükəsizlik Şurasının iclası Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilib / Anadolu Agency (Wire)
 

Milli Təhlükəsizlik Şurasının (MTŞ) iclası Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Prezident İqamətgahında keçirilib.

Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin yaydığı bəyanata görə, iclasda PKK/KCK-PYD/YPG, FETÖ və DEAŞ başda olmaqla terror təşkilatlarına qarşı ölkə daxilində və xaricində aparılan əməliyyatlar, eləcə də mütəşəkkil cinayətkarlıqla mübarizə məsələləri nəzərdən keçirilib. "Terrorsuz Türkiyə" və "Terrorsuz Zona" hədəfləri istiqamətində əldə olunan irəliləyişlər qiymətləndirilərək, ictimai asayişi pozan strukturlara qarşı mübarizənin qətiyyətlə davam etdiriləcəyi vurğulanıb.

Bəyanatda Suriya və İraqla bütün sahələrdə çoxtərəfli əməkdaşlığın genişləndirilməsinin vacibliyi qeyd olunub. Eyni zamanda, Şərqi Aralıq və Egey dənizləri ilə bağlı məsələlərdə dialoq və diplomatiyaya üstünlük veriləcəyi, lakin ölkənin beynəlxalq hüquqdan irəli gələn haqq və maraqlarının güzəştsiz qorunacağı bildirilib. Türk Dövlətləri Təşkilatına sədrliyi Azərbaycandan təhvil alan Türkiyənin türk dünyasında həmrəyliyi daha da gücləndirəcəyi diqqətə çatdırılıb.

Sənəddə regional və qlobal münaqişələrə də toxunularaq İsrailin Fələstin, Livan və Suriyaya qarşı işğalçılıq siyasətinin bölgədə sabitliyi pozduğu qeyd edilib və beynəlxalq ictimaiyyətə İsrailə qarşı daha qətiyyətli mövqe tutmağa çağırış edilib.

İclasda həmçinin Rusiya-Ukrayna müharibəsinin Qara dənizdən Aralıq dənizinə yayılması təhlükəsindən narahatlıq ifadə edilib, ABŞ və İsrailin İranla olan münaqişəsi müzakirə olunub. Türkiyənin qlobal təhlükəsizlik naminə sülhün bərqərar olması üçün bütün tərəflərlə təmasları davam etdirəcəyi bildirilib. Sonda Liviyanın birliyi və bütövlüyü istiqamətində atılan addımlar qiymətləndirilərək qardaş Liviya xalqının rifahına dəstəyin bundan sonra da davam edəcəyi vurğulanıb.