''Kiyevin bütün rayonları genişmiqyaslı hücuma məruz qaldı''
Bu barədə Kiyev meri Vitali Kliçko rəsmi ''Telegram'' kanalında paylaşım edib
Kiyev meri Vitali Kliçko paytaxtın demək olar ki, bütün rayonlarının genişmiqyaslı hücuma məruz qaldığını və hava hücumundan müdafiə sistemlərinin işə salındığını bildirib. O, “Telegram” kanalında paylaşım edərək deyib: “Hücumlar zamanı ən azı 11 nəfər yaralanıb. Onlardan beşi xəstəxanaya yerləşdirilib”.
Kliçko qeyd edib ki, istilik şəbəkələrinə dəyən ziyan nəticəsində Desnyanski rayonundakı bəzi binalar müvəqqəti olaraq istiliksiz qalıb. O, həmçinin su və elektrik enerjisinin verilişində kəsintilər ola biləcəyini bildirib.
Kliçko Kiyevin 10 rayonundan 8-də yanğın baş verdiyini və bu ərazilərə təcili tibbi yardım briqadalarının göndərildiyini qeyd edib. ‘‘Solomyanski rayonunda Kiyevin beynəlxalq hava limanının yaxınlığındakı nəqliyyat qovşağındakı beşmərtəbəli yaşayış binasının damında yanğın baş verib’’,-deyə Vitali Kliçko qeyd edib.
Kiyev Regional Hərbi Administrasiyasının rəhbəri Nikolay Kalaşnik isə noyabrın 14-də paytaxtdakı vacib infrastrukturun raket və dronlarla hədəf alındığını bildirib.
AFP xəbər agentliyi Rusiyanın infrastruktura hücumlarını gücləndirdiyi üçün şəhər mərkəzində partlayışlar qeydə alındığını açıqlayıb.
Rəsmilərin sözlərinə görə, Ukraynaya məxsus pilotsuz uçuş aparatları Rusiyanın Qara dəniz sahilində yerləşən Novorossiysk şəhərində üç mənzilə, bir neft anbarına və sahil kənarındakı tikililərə zərbə endirib.
Krasnodar bölgəsinin əməliyyat qərargahının rəsmi “Telegram” kanalındakı paylaşımda deyilir: “PUA parçaları üç mənzilə dəyərək pəncərələri sındırıb, lakin xəsarət alan olmayıb”. Məlumatda həmçinin hücum nəticəsində neft anbarına və sahil obyektlərinə də ziyan dəydiyi bildirilib.
Hücum Kiyevin qərbli müttəfiqlərinin Rusiyaya təzyiqi artırdığı bir vaxtda baş verib. Çərşənbə günü Kanada Rusiyanın dron istehsalı, enerji sahəsi və kiberhücumlar üçün istifadə olunan infrastruktura qarşı yeni sanksiyalar tətbiq etdiyini açıqlayıb.
Həmin gün G7 ölkələrinin xarici işlər nazirləri Ukraynada dərhal atəşkəs elan olunmasına çağırış edib və ölkənin ərazi bütövlüyünə sarsılmaz dəstək verdiklərini vurğulayıblar.
Avropa Komissiyası isə Ukrayna müharibəsi nəticəsində dondurulmuş Rusiya aktivlərinin bir hissəsinin Kiyevə növbəti iki il üçün büdcə və hərbi dəstək məqsədilə kredit verilməsində istifadə edilməsini nəzərdən keçirir.