TÜRKİYƏ
2 dəqiqə oxuma
Türkiyə və Cənubi Koreya liderləri strateji əhəmiyyət kəsb edən məsələləri müzakirə ediblər
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Cənubi Koreya Prezidenti Li Çje Men geniş spektrli əməkdaşlığı gücləndirməyə yönəlmiş danışıqlar aparmaq üçün Ankarada görüşüblər
Türkiyə və Cənubi Koreya liderləri strateji əhəmiyyət kəsb edən məsələləri müzakirə ediblər
Türkiyə və Cənubi Koreya liderləri strateji əhəmiyyət kəsb edən məsələləri müzakirə ediblər / AA
25 noyabr 2025

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Cənubi Koreya Prezidenti Li Çje Men geniş spektrli əməkdaşlığı gücləndirməyə yönəlmiş danışıqlar aparmaq üçün Ankarada görüşüblər.

Ərdoğan bildirib ki, görüşdə ticarət, müdafiə, süni intellekt, enerji, yarımkeçiricilər və digər sahələri əhatə edən ikitərəfli münasibətlər müzakirə olunub. Görüş çərçivəsində plazma texnologiyaları sahəsində anlaşma memorandumu da imzalanıb.

Prezident qeyd edib ki, hazırda iki ölkə arasındakı ticarət dövriyyəsi 10 milyard dolları keçib, məqsəd isə bu rəqəmi 15 milyard dollara çatdırmaqdır. Dövlət başçısı Türkiyə iqtisadiyyatına investisiya yatırmaq istəyən Cənubi Koreya investorlarına dəstək verəcəklərini vurğulayıb.

Ərdoğan deyib: “Rəsmi Ankara və Seul bir çox sahədə qazan-qazan prinsipi çərçivəsində münasibətlərini gücləndirməyə davam edəcəklər’’.

O, həmçinin müdafiə əməkdaşlığının qarşılıqlı təlimlər və investisiyalar sayəsində daha da dərinləşdirilə biləcəyini qeyd edib və “təmiz enerji’’ ilə işləyən elektrik stansiyasının yaradılması ilə bağlı müvafiq qurumlarla danışıqların davam etdiyini bildirib. Ərdoğan uğurlu müdafiə əməkdaşlığının hər iki ölkənin potensialını artıracağını və regional sülhə töhfə verəcəyini söyləyib.

Prezident həmçinin Cənubi Koreyanın Suriya ilə diplomatik münasibətlər qurmaq qərarını alqışlayıb.

Qəzza məsələsinə də toxunan R.T. Ərdoğan bildirib ki, Türkiyə və Cənubi Koreya Qəzzada atəşkəsin qorunmasını, mülki itkilərin qarşısının alınmasını və iki dövlətli həll yolunu dəstəkləyir.

Ukrayna məsələsinə toxunan Ərdoğan qeyd edib ki, Türkiyə xüsusilə İstanbul danışıqları vasitəsilə davamlı sülhün əldə olunması istiqamətində bütün diplomatik səylərə dəstəyini davam etdirəcək.

O, Ankaranın Seul ilə birlikdə Suriya, Qəzza, Ukrayna, eləcə də İraq, Afrika və Orta Asiyada yenidənqurma proseslərində əməkdaşlıq edə biləcəyinə inandığını bildirib.

Cənubi Koreya Prezidenti Li Çje Men isə bildirib ki, Cənubi Koreya və Türkiyə azadlıq və demokratiyanı müdafiə etmək üçün yan-yana vuruşmuş qardaş ölkələrdir.