TÜRKİYƏ
2 dəqiqə oxuma
H.Fidan İstanbulda keçirilən "Al Sharq Forum 2026"nın açılışında iştirak edib
Tədbirdə çıxış edən H.Fidan müsəlman ölkələrini Qəzzaya humanitar yardımın çatdırılması və bölgənin yenidən qurulması səylərinə öncüllük etməyə çağırıb
H.Fidan İstanbulda keçirilən "Al Sharq Forum 2026"nın açılışında iştirak edib
H.Fidan İstanbulda keçirilən "Al Sharq Forum 2026"nın açılışında iştirak edib / َAA
 

Türkiyə Respublikasının Xarici işlər naziri Hakan Fidan noyabrın 28-də İstanbulda keçirilən "Al Sharq Forum 2026"nın açılışında iştirak edib. Tədbirdə çıxış edən nazir H.Fidan dünya əhalisinin dörddə birindən çoxunu təmsil edən ölkələrin onilliklər ərzində əsasən başqa yerlərdə qəbul edilən qərarlara təsir göstərmək imkanına malik olduğunu bildirib.

Xüsusilə Şərqdə siyasi, iqtisadi və texnoloji güc mərkəzlərinin yüksəldiyinə diqqət çəkən Fidan: “Bu gün edəcəyimiz seçimlər müsəlman dünyasının gələcəyinin formalaşmasında həlledici olacaq”, – deyə vurğulayıb.

Türkiyənin "Qəzzada törədilən soyqırıma və İordan çayının qərb sahilində qeyri-qanuni şəkildə məskunlaşanların terroruna" qarşı çıxdığını bildirən H.Fidan müsəlman ölkələrini fələstinlilərə humanitar yardımın çatdırılmasında və Qəzzanın yenidən qurulmasında aparıcı rol oynamağa çağırıb. Nazir H.Fidan deyib: “Bu sülh yalnız paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövlətinin qurulduğu ikidövlətli həll yolu ilə mümkün ola bilər”.

 

Təhlükəsizlik sahəsində bölgə ölkələri əsas rol oynamalıdır

H.Fidan bir qərarın nəticələri ilə yaşamaq məcburiyyətində olanların həmin qərarın formalaşdırılmasında da öncüllük etməli olduğunu bildirib. O, bu prinsipin həyata keçirilməsinə nümunə kimi nümayəndələrinin noyabrın 27-də İslamabadda bir araya gəldiyi Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasındakı müdafiə ittifaqını göstərib.

Hər bir ölkənin ittifaqa özünəməxsus qabiliyyətlər və dəyərli təcrübələr qazandırdığını deyən H.Fidan Məkkə Müdafiə sazişinin institusional potensialını gücləndirdikcə digər bölgə ölkələrinin də bu ittifaqa qoşulacağını gözlədiyini qeyd edib.

H.Fidan həmçinin regional çətinliklərə birgə həll yolları tapmaq məqsədilə Türkiyə, Misir, Pakistan və Səudiyyə Ərəbistanını bir araya gətirən Regional Dördlüyə də diqqət çəkib.

Əməkdaşlığın təkcə təhlükəsizlik sahəsi ilə məhdudlaşmamalı olduğunu bildirən H.Fidan ticarət, daha sıx iqtisadi əlaqələr, eləcə də elm və texnologiya sahələrində birgə fəaliyyəti prioritet istiqamətlər kimi sadalayıb.

MƏNBƏ:TRT