20-dən çox ölkənin xarici işlər nazirləri və yüksək vəzifəli şəxsləri noyabrın 10-da Sudanda törədilən vəhşilikləri və beynəlxalq humanitar hüquq normalarının pozulmasını pisləyən birgə bəyanat yayıb. Onlar mülki şəxslərə qarşı sistematik zorakılıqla bağlı xəbərlərdən dərin narahatlıqlarını ifadə ediblər.
Sənədi imzalayan tərəflər Çevik Dəstək Qüvvələri tərəfindən Əl-Fəşər şəhərinin ələ keçirilməsi zamanı və sonrasında mülki şəxslərə qarşı davam edən zorakılıq hallarından narahat olduqlarını bildiriblər. Onlar həmçinin Şimali Darfur və Kordofan bölgələrində münaqişənin gərginləşməsindən narahat olduqlarını ifadə ediblər.
Bəyanatda qeyd olunur ki, mülki şəxslərin qəsdən hədəf alınması, etnik zəmində törədilən zorakılıq aktları, cinsi zorakılıq, aclıqdan təzyiq vasitəsi kimi istifadə və humanitar yardımın qarşısının alınması beynəlxalq humanitar hüququn kobud pozuntuları hesab olunur.
Nazirlər və yüksək vəzifəli şəxslər zorakılığa dərhal son qoyulmasını tələb ediblər. Sənədi imzalayanlar müdafiə və ədalətin yalnız Sudan xalqı üçün hüquqi öhdəlik deyil, həm də təcili mənəvi zərurət olduğunu vurğulayıblar.
Bəyanatda həmçinin bildirilib ki, giriş məhdudiyyətləri səbəbindən geniş yayılmış aclıq və qıtlığın davam etməsi qəbuledilməzdir. Tərəflər hakimiyyət orqanlarını Dünya Ərzaq Proqramına (WFP), BMT-nin Uşaq Fonduna (UNICEF) və digər humanitar təşkilatlara yardımı sərbəst şəkildə çatdırmağa icazə verməyə çağırıblar.
Sənəddə mülki şəxslər üçün təhlükəsiz keçidin təmin edilməsi və BMT Təhlükəsizlik Şurasının 2736 saylı qətnaməsinə uyğun olaraq humanitar yardımın dərhal paylanmasının asanlaşdırılması tələb olunub. Bütün tərəflərin beynəlxalq humanitar hüquqa hörmət etməsinin vacibliyi vurğulanıb.
Nazirlər həmçinin tərəfləri atəşkəs və üç aylıq humanitar razılaşma barədə razılığa gəlməyə çağırıblar, eləcə də Sudanın parçalanması istiqamətindəki hər hansı cəhdlər barədə xəbərdarlıq ediblər.
Sənədi imzalayan ölkələr arasında Kanada, İspaniya, Böyük Britaniya, Norveç, Almaniya, İrlandiya, İsveç, Avstriya, Xorvatiya, Çexiya, Finlandiya, Polşa və İsveçrə yer alıb.
Nazirlər və rəsmilər bütün tərəfləri danışıqlar aparmağa çağıraraq, yalnız Sudan xalqının rəhbərlik etdiyi geniş və inklüziv siyasi prosesin ölkənin problemlərini həll edə biləcəyini vurğulayıblar.
Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) məlumatına görə, Şimali Darfurdakı Əl-Fəşər və ətraf ərazilərdə yaşayan təxminən 89 min adam oktyabrın 26-da Çevik Dəstək Qüvvələrinin şəhəri ələ keçirməsindən sonra didərgin düşüb.
Yerli və beynəlxalq təşkilatların məlumatına əsasən, Çevik Dəstək Qüvvələri Əl-Fəşərdə nəzarəti ələ keçirib və etnik zəmində hücumlar həyata keçirib. Hücumların ölkənin coğrafi bölgüsünü daha da dərinləşdirə biləcəyi barədə xəbərdarlıq edilib.
2023-cü ilin aprel ayından bəri Çevik Dəstək Qüvvələri ilə Sudan ordusu arasında toqquşmalar davam edir. Bu münaqişə minlərlə insanın ölümünə və milyonlarla insanın didərgin düşməsinə səbəb olub.













