Rusiya qüvvələri Pokrovsk və Kupyansk şəhərlərindəki Ukrayna birliklərini mühasirəyə alıb
Bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib
Rusiya Müdafiə Nazirliyi qoşunlarının şimala doğru irəlilədiyini və Ukraynanın Pokrovsk şəhərinin mühasirəsini yarmaq üçün göstərdiyi bir neçə cəhdin qarşısının alındığını açıqlayıb.
Rusiya Donbas bölgəsinə tam nəzarət əldə etmək məqsədilə 2024-cü ildən bəri Pokrovsku ələ keçirməyə çalışır. Nazirliyin məlumatına görə, Pokrovsk və Kupyansk istiqamətlərindəki Ukrayna qüvvələri mühasirəyə alınıb.
Bildirilir ki, Ukrayna qüvvələri hələ də ümumi sahəsi 5000 kvadrat kilometr olan Donbasın təxminən 10 faizinə nəzarət edir. Rusiya ordusu isə Pokrovsk və Kupyansk istiqamətlərində Ukrayna qüvvələrini tam mühasirəyə almaq məqsədilə əməliyyatları daha da gücləndirib.
Döyüş meydanı xəritələri göstərir ki, Rusiya qüvvələri Pokrovsk şəhərini tam mühasirəyə almaqdan cəmi bir neçə kilometr uzaqdadır. Bundan əlavə, Kupyanskın əhəmiyyətli hissəsinə nəzarət edən Rusiya ordusu şəhərə aparan əsas yolda irəliləməyə davam edir.
Rusiya Müdafiə Nazirliyi noyabrın 3-də Ukrayna Prezidenti Volodimir Zelenskinin “Kupyanskda cəmi 60 rus əsgəri var və Ukrayna qüvvələri onları təmizləməyə çalışır” bəyanatını təkzib edib.
Rusiya hərbi rəsmilərinin açıqlamasına görə, hazırda Rusiya ordusu təxminən 116.000 kvadrat kilometr ərazini, yəni Ukrayna ərazisinin 19 faizindən çoxunu nəzarətdə saxlayır.
Ukrayna tərəfdarlarının hazırladığı xəritələr isə göstərir ki, Rusiya yalnız bu il ərzində 3.400 kvadrat kilometrdən çox Ukrayna torpağını ələ keçirib.