AZƏRBAYCAN
2 dəqiqə oxuma
Ceyhun Bayramov: "Azərbaycan-Türkiyə münasibətləri bundan sonra da möhkəm olacaq"
"Azərbaycan-Türkiyə münasibətləri hər zaman olduğu kimi, möhkəmdir, bundan sonra da möhkəm olacaq”
Ceyhun Bayramov: "Azərbaycan-Türkiyə münasibətləri bundan sonra da möhkəm olacaq"
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov / TRT Azerbaycan

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan və Türkiyənin dostluq və qardaşlıq münasibətlərinin indi də həmişəki kimi möhkəm olduğunu və bundan sonra daha da möhkəmlənəcəyini vurğulayaraq, "Hörmətli Rəcəb Tayyib Ərdoğanın noyabrın 8-də Azərbaycanda Zəfər Günü tədbirlərində iştirak edərək Prezident İlham Əliyevlə birlikdə həm iki ölkəyə, həm də dünyaya verdiyi mesajlar bunun ən bariz sübutudur" deyib.

Bayramov Azərbaycanda səfərdə olan Almaniyanın xarici işlər naziri Yohan Vadeful ilə keçirdiyi birgə mətbuat konfransında ölkəsinin Türkiyə ilə münasibətlərini dəyərləndirib.

Jurnalistlərdən birinin sualını cavablandıran Bayramov "Azərbaycan–Türkiyə münasibətlərinin sözün əsl mənasında iki dost və qardaş xalq arasında olan münasibətlər olduğunu təsdiq edə bilərəm. İki dövlət ən yüksək və bənzərsiz yaxınlıq münasibətlərinə malikdir" deyib.

Bayramov Azərbaycan və Türkiyənin dost və qardaş xalqlar olduğunu vurğulayıb. O xatırladıb ki, iki ölkə arasında müttəfiqlik münasibətləri Şuşa Bəyannaməsi ilə rəsmiləşdirilib.

Nazir qeyd edib ki, hər cəmiyyətin öz inkişaf yolu var. Onun sözlərinə görə, yaxın münasibətlərə baxmayaraq, bir ölkənin cəmiyyətində digər ölkədə gedən proseslərlə bağlı fərqli fikirlər səslənə bilər.

Azərbaycanın bununla bağlı yanaşmasının və mövqeyinin çox aydın və açıq olduğunu vurğulayan Bayramov bunları qeyd edib:

"Azərbaycanın öz inkişaf modeli var və bu modelə uyğun olaraq irəliləyir. Azərbaycan və Türkiyənin dostluq və qardaşlıq münasibətləri indi də həmişəki kimi möhkəmdir və bundan sonra daha da möhkəm olacaq. Hörmətli Rəcəb Tayyib Ərdoğanın noyabrın 8-də Azərbaycanda Zəfər Günü tədbirlərində iştirak edərək Prezident İlham Əliyevlə birlikdə həm iki ölkəyə, həm də dünyaya verdiyi mesajlar bunun ən bariz sübutudur".