DÜNYA
1 dəqiqə oxuma
BMT: "İsrailin hücumları nəticəsində Livanda təxminən 700 min insan didərgin düşüb"
Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının son məlumatına görə, Livanda davam edən münaqişə nəticəsində təxminən 700 min insan didərgin düşüb.
BMT: "İsrailin hücumları nəticəsində Livanda təxminən 700 min insan didərgin düşüb"
BMT: "İsrailin hücumları nəticəsində Livanda təxminən 700 min insan didərgin düşüb" / AP
2 saat əvvəl

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının son məlumatına görə, Livanda davam edən münaqişə nəticəsində təxminən 700 min insan didərgin düşüb.

BMT-nin Livandakı nümayəndəsi Karolina Lindholm Billinq bildirib ki, yerli hakimiyyət orqanlarının qeydiyyat platformasında artıq 667 mindən çox məcburi köçkün qeydə alınıb və bu rəqəm cəmi bir gün ərzində 100 min nəfərdən çox artaraq yüksəlməyə davam edir. BMT agentliyinin hesabatına əsasən, didərgin düşənlərin təxminən 120 mini hökumət tərəfindən ayrılmış kollektiv sığınacaqlarda yerləşdirilib, digərləri isə qohumlarının yanına sığınıb və ya hələ də sığınacaq axtarışındadır.

Bölgədəki gərginlik həmçinin minlərlə insanın sərhədi keçərək Suriyaya üz tutmasına səbəb olub.

Suriya rəsmilərinin məlumatına görə, indiyədək ölkəyə 78 mindən çox suriyalı və 7700-dən çox livanılı daxil olub.

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı hazırda 270-dən çox sığınacaqda 63 min məcburi köçkünə 168 minə yaxın təcili yardım ləvazimatı paylandığını bildirsə də, kəskin maliyyə çatışmazlığının yardım tədbirlərini çətinləşdirdiyini vurğulayıb.

Qeyd edək ki, Livanda insan itkilərinin sayı sürətlə artmaqdadır.

Livan Səhiyyə Nazirliyi və Təcili Yardım Əməliyyatları Mərkəzinin son məlumatına görə, martın 2-dən bəri İsrailin hücumları nəticəsində ölənlərin sayı 486-ya çatıb, 1313 nəfər isə yaralanıb.