Fələstin BMT Təhlükəsizlik Şurasının Qəzza ilə bağlı qətnaməsini alqışladı

Bu barədə Fələstin Xarici İşlər Nazirliyinin rəsmi “X” səhifəsində paylaşım edilib

By
Fələstin BMT Təhlükəsizlik Şurasının Qəzza ilə bağlı qətnaməsini alqışladı

Fələstin BMT Təhlükəsizlik Şurasının ABŞ tərəfindən hazırlanmış və Qəzzada Sülh Şurası ilə Beynəlxalq Sabitləşdirmə Qüvvələrinin yaradılmasına icazə verən qətnamə layihəsini qəbul etməsini alqışlayıb.

Bu barədə Fələstin Xarici İşlər Nazirliyinin rəsmi “X” səhifəsində paylaşım edilib. Paylaşımda “Fələstin dövləti və müvafiq tərəflərlə işğala son qoymaq və Fələstinin azadlığına və müstəqilliyinə nail olmaq səylərini dəstəkləməyə hazır olan bütün ölkələrə təşəkkür edirik” ifadələri yer alıb.

Fələstin tərəfi qətnamənin icrasını dəstəkləmək üçün ABŞ, BMT Təhlükəsizlik Şurasının üzvləri, həmçinin ərəb və İslam dövlətləri də daxil olmaqla bütün əlaqədar tərəflərlə əməkdaşlığa hazır olduğunu təsdiqləyib. Rəhbərlik həmçinin Qəzzada, işğal olunmuş İordan çayının qərb sahilində və Şərqi Qüdsdə yaşayan Fələstin xalqının çəkdiyi ağrı-acılara son qoymaq məqsədilə qətnamənin dərhal həyata keçirilməsini tələb edib.

BMT Təhlükəsizlik Şurası bazar ertəsi ABŞ tərəfindən hazırlanmış qətnamə layihəsini qəbul edib. Qətnamə Qəzzada idarəetmə, yenidənqurma və təhlükəsizlik səylərinə nəzarət etmək üçün Sülh Şurasının yaradılmasını və Beynəlxalq Sabitləşdirmə Qüvvələrinə səlahiyyət verilməsini nəzərdə tutur.

ABŞ tərəfindən hazırlanan sənəd, Prezident Donald Trampın təqdim etdiyi 20 maddəlik plana əsaslanır və 10 oktyabrda Qəzzada qüvvəyə minmiş İsrail–’’Həmas’’ atəşkəsi və əsir mübadiləsi razılaşmasının bir hissəsi kimi irəli sürülüb.

Atəşkəsin birinci mərhələsi fələstinli məhbusların azad edilməsi müqabilində israilli girovların sərbəst buraxılmasını əhatə edir. Plan həmçinin Qəzzanın yenidən qurulması və yeni idarəetmə orqanının yaradılmasını nəzərdə tutur.

2023-cü ilin oktyabr ayından bəri yayılan məlumatlara görə, əksəriyyəti qadın və uşaqlar olan 69 mindən çox fələstinli həyatını itirib, 170 mindən çox insan yaralanıb.

İsrailin Qəzzada apardığı genişmiqyaslı hərbi əməliyyat bölgədə ciddi dağıntılara səbəb olub