ABŞ Senatı Ədliyyə Nazirliyinə Cefri Epşteynlə bağlı bütün məxfi olmayan sənədləri açıqlamağı tapşıran qanun layihəsini yekdilliklə təsdiqləyib.
Senatın Demokrat lideri Çak Şumer bildirib ki, Senat aşağı palatanın bir neçə saat əvvəl 427-1 səs nisbəti ilə təsdiqlədiyi qanun layihəsini yekdilliklə qəbul edib.
“Senat artıq Epşteynlə bağlı qanun layihəsini yekdilliklə qəbul etdi”, – deyə Çak Şumer vurğulayıb.
Qanun layihəsi artıq Prezident Donald Trampa təqdim olunub.
Ağ Ev ötən həftə səsvermənin qarşısını almaq üçün ciddi səylər göstərib. Məlumata görə, Trampla onun müttəfiqləri son anda qərarını dəyişən iki respublikaçını razı salmağa çalışıblar.
Bu məsələ Trampın tərəfdarları arasında güclü reaksiyaya səbəb olub.
Donald Tramp ən yaxın tərəfdarlarından biri sayılan Marjori Taylor Qrinə dəstəyini geri çəkəndən sonra fikir ayrılıqları daha da artıb.
“Hər şey Epşteyn sənədlərindən asılıdır. Əsas sual budur: Ədliyyə Nazirliyi bu sənədləri açıqlayacaqmı, yoxsa məsələ yenə də uzanıb qalacaq?” – deyə Qrin mətbuat konfransında bildirib.




















