ABŞ vətəndaşlarını İranı dərhal tərk etməyə çağırdı

Xəbərdarlıq Tehran rəhbərliyinə qarşı təzyiqlərin artdığı və Ağ Evdə kiber, psixoloji və hərbi vasitələrin müzakirə edildiyi bir vaxta təsadüf edib

By
İranda etiraz aksiyaları davam edir / Reuters

İranda etirazların ölkə üzrə genişlənməsi fonunda ABŞ hökuməti vətəndaşlarına ölkəni dərhal tərk etmələri ilə bağlı çağırış edib.

Xəbərdarlıq Tehran rəhbərliyinə qarşı təzyiqlərin artdığı və Ağ Evdə kiber, psixoloji və hərbi vasitələrin müzakirə edildiyi bir vaxta təsadüf edib.

ABŞ-ın İran üzrə virtual səfirliyi yanvarın 12-də yaydığı təhlükəsizlik xəbədarlığında ölkədə davam edən iğtişaşlar səbəbilə amerikalı vətəndaşları vaxt itirmədən İranı tərk etməyə çağırıb. Xəbədarlıqda vətəndaşlardan ABŞ hökumətinin köməyi olmadan ölkədən çıxış planı hazırlamaları istənilib.

Xəbərdarlıqda “İranı dərhal tərk edin” ifadəsi yer alıb. Bildirilib ki, ölkədən çıxmaq mümkün olmadığı halda, vətəndaşlar yaşadıqları yerdə və ya başqa təhlükəsiz binada qorunan sığınacaq tapmalıdırlar.

Tövsiyədə İranda olan ABŞ vətəndaşlarının mümkün internet kəsintilərinə hazır olmaları, alternativ əlaqə vasitələri planlaşdırmaları və “təhlükəsiz olduğu halda, quru yolu ilə Ermənistan və ya Türkiyə üzərindən ölkəni tərk etməyi nəzərdən keçirmələri” istənilib.

Açıqlamada İran–ABŞ ikili vətəndaşlığı olan şəxslərin ölkədən İran pasportu ilə çıxmalı olduqları vurğulanıb. İran hökumətinin ikili vətəndaşlığı tanımadığı və bu şəxslərə yalnız İran vətəndaşı kimi yanaşdığı xatırladılıb. Bildirilib ki, ABŞ pasportunun göstərilməsi və ya ABŞ-la əlaqənin sübutu İran hakimiyyəti tərəfindən saxlanılma üçün kifayət qədər əsas ola bilər.

Tramp administrasiyası İrana qarşı hərbi və gizli variantları müzakirə edir

Yanvarın 12-də ABŞ prezidenti Donald Tramp hökumət əleyhinə etirazların davam etdiyi bir vaxtda, İranla ticarət edən “istənilən” ölkəyə ABŞ-la bütün ticarətdə 25 faiz gömrük rüsumu tətbiq ediləcəyini açıqlayıb.

Tramp İran hakimiyyətinin etirazları yatırmaq üçün ölümcül gücdən istifadə edəcəyi təqdirdə hücum edilə biləcəyi ilə bağlı dəfələrlə xəbərdarlıq etsə də, diplomatik yolların araşdırılmasına açıq olduğunu da bildirib.

Məlumatlara görə, Trampa İranla bağlı müxtəlif hərbi və qeyri-ənənəvi seçimlər təqdim olunub. CBS News-in xəbərinə əsasən, bu variantlara İranın komanda strukturlarını, rabitə sistemlərini və dövlət mediasını hədəf alan kiber əməliyyatlar, eləcə də psixoloji təsir kampaniyaları daxildir.

İki Pentaqon rəsmisinə istinadən bildirilib ki, kiber və psixoloji əməliyyatlar ayrı-ayrılıqda və ya eyni vaxtda həyata keçirilə bilər, lakin hələlik yekun qərar verilməyib. Həmçinin Trampın milli təhlükəsizlik komandasının Ağ Evdə İranla bağlı yenilənmiş variantları müzakirə etməsi gözlənilir.

Tramp verdiyi açıqlamada administrasiyasının İrandakı vəziyyəti yaxından izlədiyini, etirazlar zamanı ölənlərin sayının artması fonunda “çox güclü seçimlərin” nəzərdən keçirildiyini bildirib. ABŞ-ın nə vaxt, harada və necə hərəkət edəcəyinə dair detallara toxunmayan Tramp İranla bağlı saatbasaat hesabat aldığını da qeyd edib.