Tullantı yağlarının səbəb olduğu ekolojik təhlükə

Bir litr tullantı yağı bir milyon litr suyu çirkləndirir

By
Tullantı yağlarının səbəb olduğu ekolojik təhlükə / Reuters

Bu gün sizə təqdim edəcəyimiz məqalə bəlkə də hər birimizin evində demək olar ki, hər gün qarşılaşdığı, lakin çox vaxt əhəmiyyət vermədiyi bir məsələdir — tullantı yağları.

Bilirsiniz ki, bir litr tullantı yağ bir milyon litr içməli suyu çirkləndirə bilər? Mətbəxdə istifadə etdiyimiz bitki və heyvan mənşəli yağlar bişirmə prosesindən sonra tullantıya çevrildikdə ciddi ekoloji problem yarada bilər.

Mətbəxdə kanalizasiya xəttinə tökülən bir neçə qaşıq tullantı yağ belə, torpağın və suyun təbii balansını hiss olunmadan poza bilir. Zaman keçdikcə isə bu, ekosistemin mərkəzində bərpası çətin olan zərərlərə səbəb olur.

Bəs tullantı yağlar necə bu qədər böyük ziyan yaratmağı bacarır? Uzunmüddətli perspektivdə ekosistemə nə dərəcədə mənfi təsir edir? Ən vacibi isə bu yağları təkrar emal zəncirinə daxil etmək mümkündürmü?

Bu sualların cavabını İstanbul Texniki Universitetinin Ekologiya elmləri kafedrasının müdiri, alim Börte Köse Mutlu ilə birlikdə araşdıracağıq.

Tullantı yağlar suda oksigen ötürülməsinin qarşısını alır

Dosent Börte Köse Mutlu mövzu haqqında belə deyir: “İstifadə olunmuş bitki və heyvan mənşəli yağlar birbaşa ətraf mühitə buraxıldıqda ciddi problemlərə yol açır. Torpağa töküldükdə onun nəfəs almasını çətinləşdirir, bitki örtüyünü zədələyir və mikroorqanizmlərin həyatına mənfi təsir göstərir.”

Lakin ən əsas təhlükə suyun çirklənməsidir. Bu məsələylə bağlı Börte Köse Mutlu sözlərini belə davam edir: “Tullantı yağları daha çox kanalizasiya xəttinə atırıq və bunun həm birbaşa, həm də dolayı təsirləri daha ciddi olur. Bu yağlar suya qarışdıqda suyun səthini örtür. Evdə su ilə yağı bir stəkanda qarışdırdıqda yağın üstdə qat yaratdığını da asanlıqla görmək mümkündür. Eyni hal tullantı yağların göllərə və dənizlərə çatdıqda da baş verir. Suyun üzərində nazik təbəqə əmələ gətirərək, oksigen ötürülməsinə mane olur. Nəticədə suyun altındakı canlılar hava ala bilmir və bu, bütün su canlılarının həyatını təhlükəyə atır.”

Tullantı yağları lavuardan, yəni əl yuma çanağından bütün şəhərin su sisteminə qarışır. Bəs necə olur ki, “heç nə olmaz” düşüncəsi ilə lavuara tökülən az miqdarda yağ, su ehtiyatlarını və təbiəti bu dərəcədə çirkləndirir?

Börte Köse Mutlu prosesi belə izah edir: “Lavuara tökülən tullantı yağlar kanalizasiya sisteminə qarışır. Evimizdən axan bütün sular binalardan keçərək küçələrə çatır və şəhərin yeraltı şəbəkəsində birləşir. Beləliklə, hər evdən axıdılan yağlar toplanaraq şəhərin mərkəzi tullantı su təmizləyici qurğusuna yönəlir.”

Alim Börte Köse Mutlu əlavə olaraq deyir ki, tullantı yağların təmizləyici qurğularda tam ayrışmadan çaylara, göllərə və dənizlərə çatma ehtimalı da mövcuddur və bu məqamda “su izi” anlayışı xüsusi əhəmiyyət daşıyır.

“Bir litr tullantı yağın bir milyon litr içməli suyu çirkləndirə bildiyi aşkar edilib. Elə məs burada “su izi” anlayışı ön plana çıxır. Su izi üzrə mütəxəssis kimi demək istərdim ki, məsələ təkcə istifadə etdiyimiz su deyil, həm də keyfiyyətinə təsir göstərdiyimiz sudur. Çirklənən hər damla su, litrlərlə boz su izi, yəni virtual su həcmi deməkdir. Başqa sözlə, çirkləndirdiyimiz bir damla su belə böyük miqdarda su sərfiyyatına bərabərdir”, - deyə B.K.Mutlu bildirir.

Uzunmüddətli dövrdə tullantı yağların yaratdığı su və torpaq çirklənməsi bioloji zənginliyin azalmasına da gətirib çıxarır. Çünki bu tullantı yağlar həm quru, həm də su ekosistemlərini məhv edir, balıqların, quşların və digər canlıların həyat dövrünü pozur.

Tullantı yağlar lisenziyalı şirkətlər vasitəsilə toplanır

Tullantı yağların ətraf mühitə zərər verməməsi üçün edilməli olan əsas addım onları lavuara tökmək əvəzinə uyğun qablarda toplamaq və bu işi həyata keçirən şirkətlərə təhvil verməkdir. Türkiyədə bu sahədə görülən işlər barədə Börte Köse Mutlu belə deyir:

“Türkiyədə tullantı yağların toplanması ilə bağlı Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyi tərəfindən təsdiqlənmiş normativlər mövcuddur. Toplama işləri lisenziyalı şirkətlər vasitəsilə aparılır.

Proses ümumilikdə düzgün getsə də, bir məqamı xüsusilə vurğulamaq lazımdır: restoranlar və sənaye müəssisələri tullantı yağlarını nisbətən daha nizamlı şəkildə təhvil versələr də, ev təsərrüfatları səviyyəsində ciddi maarifləndirmə çatışmazlığı var. Bir çox insan lavuara yağ tökməyin zərərlərini bilmir və ya təkrar emal imkanlarından xəbərsizdir. Buna görə də maarifləndirici kampaniyalar və yerli idarəetmə orqanlarının fəal iştirakı bu məsələdə böyük əhəmiyyət daşıyır.”

Tullantı yağların təkrar emalı mümkündür

“Təkrar emal” son illərdə daha çox diqqət yetirdiyimiz anlayışlardan biridir. Sevindirici haldır ki, bitki mənşəli tullantı yağlar da təkrar emal edilə bilən materiallar arasındadır.

Bu proses bir neçə mərhələdə həyata keçirilir:

Birinci mərhələdə — tullantı yağlar evlərdən, restoranlardan və sənaye obyektlərindən xüsusi konteynerlərlə toplanır.

İkinci mərhələdə — yağın tərkibindəki su və bərk tullantılar ayrılır.

Üçüncü mərhələdə — “transesterifikasiya” adlanan kimyəvi proses vasitəsilə yağ biodizelə çevrilir.

Son mərhələdə isə əldə olunan məhsul saflaşdırılaraq enerji və təmizlik kimi müxtəlif sahələrdə istifadə üçün saxlanılır. Təkrar emal olunan bitki mənşəli tullantı yağlar yanacaq kimi də istifadə edilə bilir.

Börte Köse Mutlu bildirir ki, bu yağlardan əldə edilən biodizel dizel yanacağını əvəz edə bilən ekoloji cəhətdən daha təmiz alternativdir: “Bu bioyanacaqlar karbon qazı emissiyalarını fosil yanacaqlarla müqayisədə əhəmiyyətli dərəcədə azaldır. Həmçinin bəzi enerji stansiyalarında birbaşa yanacaq kimi istifadə oluna bilir.”

Enerji istehsalı baxımından bunun həm ekoloji, həm də iqtisadi cəhətdən dəyərli olduğunu vurğulayan Börte Köse Mutlu sözlərini belə tamamlayır: “Tullantı materialın yenidən istifadəsi resurs səmərəliliyini artırır. Bu səbəbdən biodizel dizel yanacağının istifadəsi ilə bağlı maarifləndirmə və təşviqlər gücləndirilməlidir.”

Görüldüyü kimi, mətbəxdə istifadə etdiyimiz yağların sonrakı taleyi son dərəcə vacibdir. Lavuara tökülən bir qaşıq yağ milyonlarla litr suyu çirkləndirə və bütün ekosistemi təhlükə altında qoya bilər.

Lakin ümidsizliyə əsas yoxdur. Hər birimizin bu istiqamətdə ata biləcəyi çox sadə bir addım var: tullantı yağları uyğun qablarda toplamaq və lisenziyalı şirkətlərə təhvil vermək.

Unutmayaq ki, vərdişlərimizdə etdiyimiz kiçik bir dəyişiklik, böyük fərqlər yarada bilir!