DÜNYA
2 dəqiqə oxuma
İran Hörmüz boğazında partlayışlardan sonra ABŞ donanmasına raket zərbəsi endirib
İran mediası bildirib ki, Tehran ABŞ-nin İran tankerinə hücumundan sonra ABŞ qüvvələrinə qarşı qisas alıb
İran Hörmüz boğazında partlayışlardan sonra ABŞ donanmasına raket zərbəsi endirib
Hörmüz boğazı[Arxiv] / AP

İranın dövlət mediası adı açıqlanmayan hərbi rəsmiyə istinadən xəbər verir ki, Hörmüz boğazı bölgəsində fəaliyyət göstərən ABŞ donanma bölmələri İrana məxsus neft tankerinə hücum etdikdən sonra İranın raket zərbələrinə məruz qalıb.

Bu gün (0 may 2026) səhər saatlarında yayılan xəbərdə, ABŞ hərbi gəmilərinin İranın raket hücumları nəticəsində zədələndiyi və geri çəkilmək məcburiyyətində qaldığı qeyd olunub. Hadisənin konkret nə vaxt baş verdiyi isə açıqlanmayıb.

Digər tərəfdən, "Fox News" müxbiri "X" platformasında yüksək rütbəli bir ABŞ rəsmisinə istinadən paylaşım edərək, ABŞ ordusunun Keşm limanına və Bəndər-Abbasa zərbələr endirdiyini bildirib.

Pentaqon mövzu ilə bağlı şərh verməsə də, ABŞ ordusu mayın 6-da İran limanına doğru hərəkət edən İran bayraqlı bir neft tankerini sıradan çıxardığını bəyan etmişdi. ABŞ ordusu F-18 qırıcısı ilə tankerin sükan mexanizmini hədəf aldıqlarını açıqlamışdı.

Bəndər-Abbas və Keşm adası yaxınlığında partlayışlar

Digər tərəfdən, İran mediasının məlumatına görə, Bəndər-Abbas və Keşm adası yaxınlığında partlayış səsləri eşidilib.

"Fars" xəbər agentliyi bölgə sakinlərinin Bəndər-Abbas yaxınlığında çox sayda partlayış səsi eşitdiyini və Bəhmən limanının bəzi hissələrinin İran qüvvələri ilə "düşmən qüvvələri" arasındakı qarşıdurmada vurulmuş ola biləcəyini əlavə edib.

"Tasnim" xəbər agentliyi bölgədəki partlayışları təsdiqləyərək, bunların Hörmüz boğazında fəaliyyət göstərən İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinə məxsus xəbərdarlıq gəmiləri ilə əlaqəli ola biləcəyini irəli sürüb.

İranın dövlət yayımçısı IRIB Keşm adasındakı bir limanda partlayış baş verdiyini və hadisənin hələ də araşdırıldığını qeyd edib.

Digər İran xəbər mənbələri də partlayışlar barədə xəbər yayarkən, İsrail ordusu AFP agentliyinə "belə bir hücumdan xəbərsiz olduqlarını" bildirib.

"Mizan" xəbər agentliyi Keşmdə eşidilən partlayışların hava hücumundan müdafiə sistemlərinin bir neçə kiçik pilotsuz uçuş aparatını (PUA) zərərsizləşdirməsi nəticəsində baş verdiyini qeyd edib.

"Tasnim" agentliyi isə Bəndər-Abbasda iki PUA-nın hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğunu bildirib.