Fevralın 15-də Çinin şərqində yerləşən fişəng mağazasında baş verən partlayış nəticəsində səkkiz nəfər həlak olub, iki nəfər isə yaralanıb. Bu barədə məlumatı Çin dövlət rəsmilər bildiriblər.
Yerli hakimiyyət orqanları sosial şəbəkələrdə yaydıqları açıqlamada bildiriblər ki, partlayış Tszyansu əyalətində yerləşən mağazalardan birində saat 14:30 radələrində (06:30 GMT) baş verib. Məlumata görə, bir və ya bir neçə nəfərin fişəngləri “uyğunsuz şəkildə alışdırması” nəticəsində partlayış qeydə alınıb.
Məsələylə bağlı əyalət üzrə dövlət rəsmisi bildirib ki, Çin Fövqəladə Halların İdarə Edilməsi, yanğınsöndürmə, ictimai təhlükəsizlik və səhiyyə qurumları xilasetmə və müdaxilə əməliyyatlarını həyata keçirmək üçün dərhal hadisə yerinə cəlb olunublar.
Təhlükəsizlik standartları
Açıqlamada bildirilir ki, partlayış nəticəsində yaranan yanğın saat 16:00 radələrində söndürülüb. Hadisə nəticəsində səkkiz nəfər həyatını itirib, iki nəfər isə yüngül yanıq xəsarətləri alıb.
Araşdırmaların davam etdiyi, məsul şəxslərin saxlanıldığı qeyd olunur.
Çin Xalq Respublikasının Fövqəladə Halların İdarə Edilməsi Nazirliyi bəyan edib ki, Yeni ili tətili dövründə ölkədə fişəng istifadəsinin ən intensiv istifadə dövrü başlayıb. Nazirlik vətəndaşları sınaq atışları keçirmək və ya mağazaların qarşısında siqaret çəkmək kimi təhlükəli davranışlardan çəkinməyə çağırıb.
Nazirlik həmçinin ölkə üzrə fişəng satışı və istehsalı ilə məşğul olan müəssisələrə təhlükəsizlik riskləri və potensial təhlükələr üzrə tam yoxlama aparılması barədə xəbərdarlıq məktubu göndərildiyini açıqlayıb.
Qeyd edək ki, Çində təhlükəsizlik standartlarının yetərincə sərt olmaması sənaye qəzalarının tez-tez baş verməsinə səbəb olur. Belə ki, bu ay Çinin şimalında yerləşən Şansi əyalətində biotexnologiya zavodunda baş verən partlayış nəticəsində səkkiz nəfər həlak olub. Yanvar ayının sonlarında isə Daxili Monqolustan muxtar bölgəsində polad zavodunda baş verən partlayış nəticəsində təxminən doqquz nəfər həyatını itirib.





