Banqkokda yük qatarı ilə sərnişin avtobusunun toqquşması nəticəsində azı 8 nəfər həlak olub, 35 nəfər isə xəsarət alıb. Sosial şəbəkələrdə yayılan görüntülərdə orta sürətlə hərəkət edən qatarın keçidə yaxınlaşdığı zaman avtobusa çırpıldığı görünür. Toqquşmadan sonra güclü yanğın başlayıb. Şahidlərin sözlərinə görə, alov qısa müddətdə bütün avtobusu bürüyüb və yaxınlıqdakı digər nəqliyyat vasitələrinə də ziyan vurub. Hadisə yerinə cəlb olunan yanğınsöndürənlər və xilasedicilər ərazini mühasirəyə alaraq piyadaları ordan uzaqlaşdırıblar.
Banqkok Polis Rəisi Urumporn Koondejsumrit mətbuata açıqlamasında bildirib ki, qəza nəticəsində 8 nəfər dünyasını dəyişib, 35 yaralıdan 2-nin vəziyyəti isə olduqca ağırdır. Polis rəisi yanğının söndürüldüyünü və cəsədlərin avtobusun yanmış hissələrindən çıxarılması istiqamətində işlərin davam etdiyini qeyd edib.
Tailand Baş naziri Anutin Çarnvirakulun ofisindən verilən məlumata görə, hadisə ilə bağlı genişmiqyaslı araşdırmalara başlanılıb.
Qeyd edək ki, Tayland yollarında ölümcül qəzalar tez-tez baş verir.













