İsrail qüvvələri atəşkəsi pozmağa davam edir
Səhiyyə mənbələrinin məlumatına görə, İsrail hərbçilərinin Qəzzaya endirdiyi zərbələr nəticəsində bir fələstinli həyatını itirib, beş nəfər isə yaralanıb
Səhiyyə mənbələrinin məlumatına görə, İsrail hərbçilərinin Qəzzaya endirdiyi zərbələr nəticəsində bir fələstinli həyatını itirib, beş nəfər isə yaralanıb. Qəzza zolağının müxtəlif ərazilərini hədəf alan hücumlarda xəsarət alanlar arasında uşaqların da olduğu bildirilir. Şahidlərin sözlərinə görə, İsrail qüvvələri Qəzza şəhərinin şərqindəki Şucayya məhəlləsi və cənubdakı Xan Yunis şəhəri də daxil olmaqla bir neçə istiqamətdə atəş açıblar.
Qəzza Səhiyyə Nazirliyinin məlumatına əsasən, atəşkəs elan edildiyi gündən bu yana ən azı 716 fələstinli həlak olub, 1968 nəfər isə yaralanıb. Son 24 saat ərzində Qəzzanın şərqində həyata keçirilən hücumlar zamanı daha üç fələstinlinin öldüyü, çox sayda insanın yaralandığı qeyd olunur. Tibbi mənbələr Əl-Tuffah məhəlləsinə endirilən zərbənin qurbanlarının Əhli-Baptist və Əş-Şifa xəstəxanalarına çatdırıldığını bildiriblər. Şahidlərin məlumatına görə, hücum zamanı bir qrup fələstinli təhlükəsizlik əməkdaşı hədəf alınıb.
Aprelin 4-də İsrailə məxsus pilotsuz uçuş aparatının bir nəqliyyat vasitəsini hədəf alması nəticəsində bir fələstinli həlak olub, üç nəfər yaralanıb. İsrail hərbi əməliyyatları davam etdirərək atəşkəs rejimini kobud şəkildə pozur. Sözügedən atəşkəs iki ildir davam edən və 72 mindən çox insanın həyatını itirməsinə, 172 min nəfərin isə yaralanmasına səbəb olan müharibəni dayandırmaq məqsədi daşıyırdı.
Qeyd edək ki, hərbi münaqişə nəticəsində Qəzza zolağında mülki infrastrukturun təxminən 90 faizi sıradan çıxıb. Birləşmiş Millətlər Təşkilatının məlumatına görə, bölgənin yenidən bərpası üçün təxminən 70 milyard dollar vəsait tələb olunacaq.