Türkiyə Respublikasının Xarici İşlər Nazirliyi martın 7-də (bu gün) açıqlama verərək bildirib ki, ABŞ və İsrailin İrana qarşı birgə hücumları ilə başlayan müharibənin təsir etdiyi Yaxın Şərq ölkələrində Türkiyə vətəndaşlarına diplomatik nümayəndəliklər vasitəsilə dəstək göstərilir.
Nazirliyin sözçüsü Öncü Keçeli martın 6-da “X” platformasında etdiyi paylaşımda qeyd edib ki, bölgədə hücumların hədəfi olan ölkələrdə yaşayan Türkiyə vətəndaşlarının qorunması üçün zəruri tədbirlər həyata keçirilir.
Ö.Keçeli vurğulayıb ki, Türkiyənin xaricdə fəaliyyət göstərən diplomatik nümayəndəlikləri həftənin yeddi günü, sutkanın 24 saatı fövqəladə əlaqə xətləri vasitəsilə xidmət göstərir. O əlavə edib ki, vətəndaşlar olduqları ölkələrdəki Türkiyə nümayəndəliklərinin elanlarını yaxından izləməlidirlər.
Ö.Keçeli bildirib ki, Türkiyə vətəndaşları İraq, İran, İsrail, Livan, Səudiyyə Ərəbistanı, Suriya, Oman və İordaniyadan müxtəlif nəqliyyat marşrutları vasitəsilə ayrılmaq imkanı əldə edirlər və həmin ölkələrdəki diplomatik nümayəndəliklər təhlükəsiz səfərlərin təşkili ilə bağlı istiqamətləndirmə aparır.
Ö.Keçeli qeyd edib ki, Bəhreyn, Qətər və Küveytdən Türkiyəyə birbaşa hava əlaqəsi mövcud deyil, Birləşmiş Ərəb Əmirliklərindən Türkiyəyə uçuşlar isə nadir hallarda və yalnız istisna hallarda həyata keçirilir.
O bildirib ki, dörd ölkədən Türkiyə vətəndaşlarının quru yolu ilə Səudiyyə Ərəbistanı və Omana daşınması üçün avtobus reyslərinin təşkili istiqamətində işlər davam edir və vətəndaşlar həmin ölkələrdən Türkiyəyə hava yolu ilə uça bilərlər. Bununla yanaşı, avtobus reyslərinin başlanmasının yerli hakimiyyət orqanlarının razılığından asılı olduğu da qeyd edilib.
Ö.Keçeli bölgədə vəziyyətin sürətlə dəyişdiyini vurğulayaraq Türkiyə vətəndaşlarını olduqları ölkələrdəki diplomatik nümayəndəliklərin elanlarını diqqətlə izləməyə çağırıb.
Xatırladaq ki, fevralın 28-də İsrail və ABŞ-nin İrana qarşı hücuma başlamasından sonra İranın Ali dini lideri Əli Xamenei ilə yanaşı yüksək rütbəli hərbi rəsmilərin də daxil olduğu 1.000-dən çox insan həlak.
İran isə cavab olaraq İsraili və ABŞ-nin hərbi bazalarının yerləşdiyi Körfəz ölkələrini hədəf alan pilotsuz uçuş aparatları və raket hücumları həyata keçirib.







