Cənubi Koreya ordusu Şimali Koreyanın ölkənin şərq sahilləri istiqamətində ən azı bir ballistik raket buraxdığını bildirib.
Cәnubi Koreya Birləşmiş Qərargah Rəisləri Komitәsi hələlik raketin növü və uçuş məsafəsi barədə əlavə məlumat açıqlamayıb.
Yaponiyanın Baş naziri Sanae Takaiçi raketin Yaponiyanın eksklüziv iqtisadi zonasından kənara düşdüyünün ehtimal edildiyini bildirib. Onun sözlərinə görə, buraxılış nəticəsində hər hansı zərər barədə məlumat daxil olmayıb.
“Yonhap” xəbər agentliyinin məlumatına görə, regiondakı son gərginlik Cənubi Koreya Kəşfiyyat Xidmətinin çərşənbə günü verdiyi açıqlamadan sonra yaranıb. Həmin açıqlamada bildirilmişdi ki, Şimali Koreya yeddinci nüvə sınağına hazır vəziyyətdədir və Kim Çen In bu barədə qərar qəbul edərsə, sınaq qısa müddətdə həyata keçirilə bilər.
Müdafiə Kəşfiyyat Agentliyinin rəsmiləri bu məsələ ilə bağlı Parlamentin Kəşfiyyat Komitəsinin qapalı iclasında qanunvericilərə məruzə təqdim ediblər.
“Əgər Kim Pungye-ridəki 3 nömrəli tuneldən istifadə edərək nüvə sınağı keçirməyə qərar versə bu, qısa müddətdə baş tuta bilər”, – deyə hakim Demokrat Partiyasının deputatı Park Sun-von və müxalif Xalq Gücü Partiyasının deputatı Li Sonq-kveun iclasdan sonra jurnalistlərə açıqlama veriblər.






