DÜNYA
1 dəqiqə oxuma
Pakistan təhlükəsizlik qüvvələri 30 silahlını zərərsizləşdirdi
Pakistan ordusunun mətbuat xidmətinin məlumatına görə, son bir neçə gündə şimal-qərbi Xayber Paxtunxva əyalətində keçirilən hərbi əməliyyatlar zamanı ən azı 30 silahlı öldürülüb
Pakistan təhlükəsizlik qüvvələri 30 silahlını zərərsizləşdirdi
Pakistan təhlükəsizlik qüvvələri 30 silahlını zərərsizləşdirdi / AA
21 noyabr 2025

Pakistan ordusunun mətbuat xidmətinin məlumatına görə, son bir neçə gündə şimal-qərbi Xayber Paxtunxva əyalətində keçirilən hərbi əməliyyatlar zamanı ən azı 30 silahlı öldürülüb.

Xidmətlərarası İctimaiyyətlə Əlaqələr İdarəsi (ISPR) noyabrın 20-də bildirib ki, çərşənbə günü keçirilən əməliyyatlarda Kurramda 23, Mohmandda 4, Lakki Marvatda 2 və Tank rayonunda 1 silahlı məhv edilib.

Daxili işlər naziri Möhsin Naqvi isə Dera İsmayıl Xan rayonunda polis maşını yaxınlığında baş verən partlayışı nəticəsində ən azı iki polis əməkdaşının həlak olduğunu, dörd nəfərin isə yaralandığını təsdiqləyib.

Pakistan qüvvələri paytaxt İslamabadda və Xayber Paxtunxvanın bir neçə digər bölgəsində baş verən son hücumlardan sonra əyalətin bir neçə rayonunda kəşfiyyat əsaslı əməliyyatları gücləndirib.

Ordunun noyabrın 17-də Şimali Vəziristanın Bajaur və Dera İsmayıl Xan şəhərlərində keçirdiyi əməliyyatlarda ən azı dörd silahlı zərərsizləşdirilib.

Xidmətlərarası İctimaiyyətlə Əlaqələr İdarəsi bir gün əvvəl ordunun Bajaur və Bannu rayonlarında baş verən iki böyük toqquşmada ən azı 23 silahlını məhv etdiyini bildirmişdi.

Noyabrın 16-da Dera İsmayıl Xan və Şimali Vəziristan rayonlarında keçirilən əməliyyatlarda isə ən azı 15 silahlının öldürüldüyü qeyd olunub.

Ötən həftə İslamabadda Məhkəmə Kompleksinin qarşısında kamikadze-terrorçu özünü partladıb. Hücum nəticəsində ən azı 12 nəfər ölüb, təxminən 30 nəfər yaralanıb.