İordan çayının Qərb sahilində daha iki fələstinli qətlə yetirilib
Fələstin Səhiyyə Nazirliyi işğal altındakı İordan çayının qərb sahilində qeyri-qanuni israilli məskunlaşanların hücumu nəticəsində daha iki fələstinlinin həlak olduğunu açıqlayıb
Fələstin Səhiyyə Nazirliyi işğal altındakı İordan çayının qərb sahilində qeyri-qanuni israilli məskunlaşanların hücumu nəticəsində daha iki fələstinlinin həlak olduğunu açıqlayıb. Rəsmi məlumata görə, Ramallahın şimal-şərqində yerləşən Əbu Falah şəhərində baş verən hadisə zamanı 24 yaşlı Taer Faruq Hamayel və 57 yaşlı Farea Javdat Hamayel həyatını itirib. Nazirlik hadisənin dəqiq vaxtı və təfərrüatları barədə məlumat verməyib, İsrail ordusu isə məsələ ilə bağlı sorğuları cavabsız qoyub.
1967-ci ildən bəri İsrailin işğalı altında olan bölgədə zorakılıq halları 2023-cü ilin oktyabrında Qəzza əməliyyatlarının başlamasından sonra kəskin şəkildə artıb. Mövcud atəşkəsə baxmayaraq bölgədə qanlı toqquşmalar səngimir. Belə ki, martın 7-də Ramallahın digər bir kəndi olan Vadi əl-Rahimdə də bənzər hücum qeydə alınıb. Tuvani kənd şurasının rəhbəri Məhəmməd Rabainin verdiyi məlumata görə, qeyri-qanuni məskunlaşanlar fələstinlilərin evlərinə daxil olaraq dinc sakinlərə hücum edib, nəticədə 27 yaşlı Əmir Məhəmməd Şnaran qətlə yetirilib, qardaşı isə ağır yaralanıb.
İsrail ordusu hadisə yerinə qoşun və polis qüvvələrinin yeridildiyini, faktla bağlı araşdırma başladıldığını bildirib.
Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, Qəzzada müharibə başlayandan bəri işğal altındakı İordan çayının qərb sahilində İsrail qüvvələri və qeyri-qanuni məskunlaşanların hücumları nəticəsində öldürülən fələstinlilərin sayı 1042 nəfərə çatıb.