Türkiyənin İstanbul şəhəri Rusiya-Ukrayna danışıqlarına ev sahibliyi edəcək. Müharibə başlayandan sonra Türkiyə Rusiya və Ukraynanı həm Antalyada, həm də İstanbulda bir araya gətirə bilib.
Türkiyə cari ilin may ayında tərəfləri növbəti dəfə bir araya gətirməyə nail olub. Danışıqlar mayın 16-da İstanbuldakı Dolmabahçe sarayında keçirilib.
Tərəflrər arasındakı danışıqların ikinci raundunun bu gün, yerli vaxtla saat 13:00-da İstanbulun tarixi Çırağan sarayında baş tutacağı gözlənilir.
Mayın 16-da keçirilən danışıqlarda tərəflər əsir mübadiləsi və mümkün atəşkəs barədə fikirlərini ətraflı şəkildə təqdim edərək, danışıqları davam etdirmək barədə razılığa gəliblər. Tərəflər məhbus mübadiləsinin mayın 25-də başa çatdığını açıqlayıblar.
Beynəlxalq aktyorlar prosesin İstanbulda başlamasından məmnunluqlarını tez-tez dilə gətiriblər. Türkiyənin ev sahibliyi etdiyi danışıqlar dünya mətbuatında da geniş işıqlandırılıb.
Türkiyə vasitəçilik səylərini davam etdirir
Türkiyə, Rusiya ilə Ukrayna arasında sülhün bərqərar olması üçün səylərini davam etdirir. Türkiyənin xarici işlər naziri Hakan Fidan mayın 26-27-də Moskvada, 29-30-da isə Kiyevdə olub.
Hakan Fidan Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşüb, həmçinin xarici işlər naziri Sergey Lavrov və yüksək səviyyəli rəsmilərlə bir araya gəlib.
Hakan Fidan Sergey Lavrovla görüşündə deyib: "Rusiyanın Ukrayna ilə birbaşa danışıqlar aparmaq üçün İstanbula üstünlük verməsi, ölkələrimizin sabitliyin yaradılması ilə bağlı ortaq anlayışının təzahürüdür."
S.Lavrov isə Türkiyənin Ukrayna ilə birbaşa danışıqlar üçün yeni imkanlarını yüksək qiymətləndirdiklərini qeyd edib.
Sergey Lavrov Türkiyəyə təşəkkür edərək, Putinin müşaviri Vladimir Medinskinin rəhbərlik etdiyi nümayəndə heyətinin iyunun 2-də keçiriləcək danışıqların ikinci raundu zamanı, Rusiya tərəfindən hazırlanmış "böhranın əsas səbəblərini aradan qaldırmağın bütün aspektləri haqqında" memorandumu Ukrayna nümayəndə heyətinə təqdim etməyə hazır olduğunu bildirib. Medinski isə, danışıqlar zamanı Rusiyanın mövqeyinə aydınlıq gətirəcəyini vurğulayıb.
Ukrayna nümayəndə heyətinə ölkənin müdafiə naziri rəhbərlik edəcək
Hakan Fidan Rusiyadan sonra Ukraynanın paytaxtı Kiyevə işgüzar səfər edib.
Ukrayna lideri Volodimir Zelenski və xarici işlər naziri Andri Sibixa başda olmaqla ölkənin yüksək vəzifəli rəsmiləri ilə görüşən Hakan Fidan keçirilən mətbuat konfransında Türkiyənin daimi sülh çağırışını təkrarlayıb. Türkiyənin hər iki tərəflə yaxşı münasibətlərə malik olduğunu vurğulayan Hakan Fidan tərəflərin danışıqları davam etdirəcəkləri təqdirdə irəliləyiş əldə edilə biləcəyini bildirib.
Ukrayna danışıqların ikinci raundundan əvvəl Rusiyanın hazırladığı müqaviləni görmək istədiyini bəyan edib. Ukrayna prezidenti isə İstanbulda sülhün bərqərar olması istiqamətində bir qədər irəliləyiş əldə etməyi hədəflədiklərini qeyd edib.
Danışıqlardan əvvəl toqquşmalar intensivləşdi
Tərəflər İstanbuldakı danışıqlara hazırlaşarkən şənbə və bazar günlərində şiddətli hücumlarla bağlı xəbərlər yayıldı.
Bazar günü Ukraynanın Təhlükəsizlik Xidməti (SBU) Rusiya-Ukrayna sərhədindən 4300 kilometrdən (2671 mil) çox uzaqlıqdakı Sibirin İrkutsk bölgəsi də daxil olmaqla bir neçə bölgəyə PUA hücumu edildiyini açıqlayıb. Hücum nəticəsində 40-dan çox strateji bombardmançı təyyarə məhv edilib. Məlumata görə, hücum zamanı Olenya, İvanovo, Dyagilevo və Belaya daxil olmaqla 4 hava limanı hədəf alınıb.
Rusiya Müdafiə Nazirliyi də bazar günü bəyanat yaydı
Nazirlik Murmansk, İrkutsk, İvanovo, Ryazan və Amur vilayətləri də daxil olmaqla Rusiyanın beş hava limanına pilotsuz təyyarələrlə hücumlar edildiyini açıqlayıb.
Məlumatda İvanovo, Ryazan və Amur hava limanlarına edilən hücumların dəf edildiyi, Murmansk və İrkutsk hava limanlarına edilən hücum nəticəsində isə bir neçə təyyarə hissəsinin yandığı bildirilib.













